"Qəbələ"nin məşqçisi: "Feyenoord"a qayıda bilərəm"

10:55 - 8 Aprel 2015

"Hazırda doğru ünvandayam"

 

“Qəbələ”niin 14 yaşadək futbolçulardan ibarət komandası martda Hollandiyada səfərdə olub. Əvvəl “Feyenoord”la yoxlama oyunu keçirib, ardınca “Teksel kuboku”nda qüvvəsini sınayan “qırmızı-qaralar”ın səfəri yerli mətbuatın da diqqətindən kənar qalmayıb. Hollandiyalıların komandaya diqqətinin ikiqat artmasına isə məşhur həmyerliləri Srenli Brardın “Qəbələ”də çalışması səbəb olub. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, futbol akademiyasının direktoru Hollandiyaya səfər edən nümayəndə heyətinə rəhbərlik edib. “Feyenoord”un sabiq futbolçusu və akademiyasının direktorunun vətənə qısa müddətli qayıdışından istifadə edən hollandiyalılar komandanın düşərgəsinə baş çəkib, nrc.nl saytı üçün “Qəbələ” və Brardla bağlı yazı hazırlayıb. “Zanbaqlar ölkəsi”nin mətbuatında dərc olunan yazını diqqətinizə çatdırırıq:

 

Stenli Brard “Feyenord” üçün xeyli istedad yetişdirib. İndi isə mütəxəssis Azərbaycanda yeni layihə üzərində işləyir. O, “Qəbələ”nin 18 futbolçusu ilə velosiped sürürdü. Brard yerli - Azərbaycan dilini bilir və oyunçularla əsasən, bu dildə danışır. Mütəxəssis “sağa dönün” deyir. Onların məşq etdiyi meydança kənd məktəbinə aiddir. Brard futbolçulara tapşırığını verir: “Yaxşı qulaq asın: Nə vaxt desəm ki, bütün velosipedlər sağa dönsün, sağa dönməlisiz”.

 

Oyunçular başlarına sarğı bağlayır və bu, bəyənilmiş oyunçu deməkdir. Brard Azərbaycana 1 il yarım bundan əvvəl köçüb və o vaxtdan “Qəbələ” Futbol Akademiyasının direktoru təyin olunub. İndi isə o, yenə Hollandiyadadır. Amma bu dəfə özünün yeni “Qəbələ” U-14 komandası ilə. O, komandanı “Teksel kubokunda” iştirak etmək üçün Hollandiyaya gətirib.

 

Brard “Feyenoord”da çalışanda Cordi Klasi, Bruno Martins Indi və başqa digər böyük istedadları yetişdirib. Klasi mütəxəssis haqda yüksək fikirdə olduğunu dönə-dönə təkrarlamaqdadır: “Brard ən yaxşı istedad yetişdirən mütəxəssislərdən biridir”. 

 

“Feyenoord” Futbol Akademiyası onun direktor olduğu vaxtda 5 dəfə Hollandiyanın ən yaxşı futbol akademiyası adını qazanıb. Brard “Feyenoord”da xeyli sayda istedad yetişdirib. Hazırda onun yetirmələrindən 30-u Avropanın aparıcı klublarında çıxış edir. O, Rotterdamda yaxşı çalışır, uşaq futbolundakı uğurları xaricdə də yaxşı tanınırdı. Sonra Brard Azərbaycanın “Qəbələ” İdman Klubundan təklif aldı.

 

Azərbaycan Cənubi Qafqazda kiçik ölkədir, 1991-ci ildə SSRİ-dən ayrılaraq, müstəqilliyini bərpa edib. O vaxtdan xalq Avropaya inteqrasiya yolunu tutub. Azərbaycan müxtəlif mühüm idman yarışları və mədəniyyət tədbirləri keçirir. Onlardan biri bu il Bakıda keçiriləcək ilk Avropa Oyunlarıdır. Bakı həmçinin, futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçiriləcək final mərhələsini qəbul edəcək 13 şəhərdən biridir. Ölkənin ən böyük müəssisəsi olan SOCAR UEFA-nın sponsorlarından biridir. O, İspaniya “Atletiko”su və Avropanın digər klublarına sponsorluq edir. Bu klublarda “Odlar yurdu” rəmzlərinə də rast gəlmək mümkündür. 

 

Brard Azərbaycanın yüksək potensiallı ölkə olduğunu bildirib: “Azərbaycan özünün güclü iqtisadi potensialı, zəhmətkeş xalqı ilə inkişaf edən dövlətdir. Bu ölkə sənaye, mədəniyyət və idman sahələrində olduqca böyük sayda nailiyyətlər əldə edib” .

 

Brard balaca və gözəl şəhər olan Qəbələdə həyat yoldaşı ilə birgə yaşayır. Təxminən 15 min nəfər əhalisi olan bu şəhər Rusiya ilə sərhəddə yerləşir. “Qəbələ” İK bu şəhərə məxsusdur, əla infrastrukturu və şəraiti var. 2005-ci ildə yaradılmış klubda futboldan əlavə idmanın digər növləri, o cümlədən cudo, boks, taekvondo və başqaları üzrə də bölmələr fəaliyyət göstərir.

 

Klub gənclər arasında idmanı təşviq edir, istedadları önə çəkir. Burada uşaq futboluna indiyə qədər böyük yatırım sərf olunub.

 

Mütəxəssis klubdakı şəraitdən də razılığını gizlətməyib: “Qəbələ” Azərbaycanda ən yaxşı maddi-texniki bazaya malik klublardan biridir. Burada futbolçu və məşqçilər üçün hər şey mükəmməl təşkil olunub. Oyunçular klubdan böyük sevgi və qayğı görürlər”. 

 

Həqiqətən də “Qəbələ” Azərbaycanda ən nüfuzlu futbol akademiyasına malikdir. Orada yataqxanada hazırda 100 futbolçu qalır. Çox uşaq “Qəbələ”li olmaq istəyir. Amma Brard və onun məşqçi heyəti bu məsələdə çox ehtiyatlıdırlar. Onlar hər oyunçunu akademiyaya götürməzdən əvvəl böyük diqqətlə yoxlayırlar. Brard və məşqçilər oyunçuları seçərkən onların yaşına xüsusi ilə fikir verirlər. Mütəxəssis “Qəbələ”nin “Fair play” prinsipinə böyük dəyər verdiyini də vurğulayıb.

 

Azərbaycandan əvvəl Yaponiyada çalışan Brardın hazırkı məqsədi “Qəbələ”də gənc istedadlar yetişdirməkdir. Onun müqaviləsinin il yarım müddəti qalır. “Feyenoord”a qayıtmaqla bağlı suala aydınlıq gətirən mütəxəssis indiki işindən məmnunluğunu qeyd edib: “Əlbəttə, qayıda bilərəm. Amma hazırda doğru ünvandayam, yaxşı mütəxəssis və insanların əhatəsindəyəm”.

 

Komandanın məşqi qurtarandan sonra oyunçular velosipedlə meydandan qayıdırlar. Onların önündə qərarlaşan Brard yenə azərbaycanca sərbəst danışaraq, onları istirahət zonasına aparır.

Xəbər xətti