"11000-ci qolu "Qəbələ" azarkeşlərinə həsr edirəm"

00:40 - 12 Aprel 2015

Abışov: "Amma bu görüşdə də daha önəmli olan qələbəmiz idi"
 
"Artıq komandamızın vəziyyəti qaydasına düşür. İnanıram ki, daha yaxşı olacaq. Hər oyuna qələbə üçün çıxırıq. “Simurq”la matçda da 3 xal qazana bildik. Ardıcıl 6 oyundur qalib gəlirik. Vacib olan da qələbədir". 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib. 
 
"Simurq"la görüşdə fərqlənərək komandasına minimal hesablı qələbə qazandıran R.Abışov Azərbaycan çempionatları tarixində 11000-ci qolun müəllifi olub. Millimizin üzvü yubiley qolunu azarkeşlərə həsr etdiyini bildirib: 
 
"Hər qarşılaşmaya qol vurmaq istəyi ilə çıxsam da, əsas qələbə qazanıb, hesabımıza 3 xal əlavə etməkdir. “Simurq”la qarşılaşmada qol vurdum. Amma bu görüşdə də daha önəmli olan qələbəmiz idi. Buna da nail olduq. Matçdan sonra ölkə çempionatları tarixində 11000-ci qolun müəllifi olduğumu bildim. Bu qolu “Qəbələ” azarkeşlərinə həsr edirəm. Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Amma hələ çalışmalıyıq. Çünki qarşıda 6 görüşümüz qalıb. Bu matçlarda da qələbə qazanmaq üçün mübarizə aparacağıq. Həmin oyunlarda maksimum nəticə əldə etməliyik”.
 
Qeyd edək ki, ölkə çempionatlarında vurulan 11000 qoldan 12-si Abışovun aktivindədir. O, “Simurq”la qarşılaşmada “Qəbələ”nin heyətində 4-cü, Premyer Liqada 12-ci qolunu vurub.

Xəbər xətti