Bir sıra rekordlar qeydə alınıb
Premyer Liqanın 29-cu turu “Qəbələ” üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, “Simurq”la ev oyununda əldə olunan qələbə yubiley və rekordlarla nəticələnib.
“Qəbələ” Premyer Liqada həm özünün, həm də mövsümün rekorduna imza atıb. Tarixinin rekordunu yeniləyən komanda mövsümün ən yüksək göstəricisinə şərik çıxıb. 29-cu turun “Simurq”la ev oyununda qazanılan 1:0 hesablı qələbə ardıcıl 6-cı belə uğur olub. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri ardınca “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0 hesabı ilə məğlub edərək, klub tarixinin ən uzun qələbə seriyasına imza atmışdı. Bu seriyanı 6-ya çatdıran “qırmızı-qaralar” bu rekordunu daha da yaxşılaşdırıb. 6 qələbəlik seriya həm də 2014/15 mövsümünün rekordunun təkrarıdır. “Qəbələ”yə məğlub olanadək “Qarabağ” 6 qələbə qazanmışdı.
“Qırmızı-qaralar”ın qələbə qolunu vuran Ruslan Abışov milli çempionatlar tarixinə düşüb. O, 1992-ci ildən keçirilən yarışlarda 11000-ci qolun müəllifi olub. “Simurq”la qarşılaşmayadək 10999 qolun vurulduğundan Qəbələdə qeydə alınan ilk top yubiley xarakteri daşıyıb. 23 ildə baş tutan 4526 oyunda vurulan 11000 qoldan 601-i “Qəbələ”nin matçlarına təsadüf edib. Belə ki, 303 top vuran komandamız 298-ni buraxıb.
“Simurq” üzərində qələbə klubun tarixinə Premyer Liqadakı 60-cı ev qələbəsi kimi düşüb. Öz meydanında 133 qarşılaşmaya çıxan “Qəbələ” 31 dəfə heç-heçə edib, 42 dəfə məğlub olub. Ümumilikdə isə “qırmızı-qaralar” ölkə çempionatının yüksək liqasında 266 matçın 104-də qalib gəlib.
“Qəbələ”nin heyətində 90-cı rəsmi matçına çıxan Ürfan Abbasov 100-ə çatan 3-cü futbolçu olmağa yaxındır. Bunun üçün 10 oyun gözləməli olan müdafiəçi Dodo (127) və Viktor Mendidən (121) sonra buna nail olmağa ən real namizəddir. Daha 3 futbolçu oyun sayında Abbasovu qabaqlasa da, onların heç biri bu rəqəmi artıra bilməyəcək. Pavel Doroşev (99), Abdulkader Kamara (97), Azər Həşimov (95) artıq “Qəbələ”də çıxış etmir. Ürfan 90-cı oyununu keçirməklə, Lyubo Braninə çatıb. Bu iki oyunçu ən çox matça çıxanlar arasında 6-cı yerə şərikdirlər. Abbasov həm də 80-ci Premyer Liqa oyununa çıxıb. Onun “Qəbələ” formasındakı digər 10 oyunundan 9-u ölkə kuboku, 1-i avrokuboklara təsadüf edib.
saytlarin hazirlanmasi