"Qəbələ" yeni rekorda imza atdı

15:11 - 16 Aprel 2015

Ardıcıl 6 qələbə

 

“Qəbələ” Topaz Premyer Liqasında 2014/15 mövsümünün rekordunu muəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, komanda cari cempionatda ardıcıl 6-cı qələbəsini qazanmaqla bu il görünməmiş olayı gercəkləşdirib.

 

 

Ən davamlı qələbə seriyası

 

Bunadək ən davamlı qələbə seriyası son çempion, hazırkı lider “Qarabağ”a məxsus idi - 6 oyun. "Qəbələ" son turda “Simurq”u evdə məğlub etməklə, öz tarixinin rekordunu təzələyib, bu çempionatın rekordunu isə təkrarlayıb. 

 

Ağdam klubunun Premyer Liqada rekordu ikinci dövrənin sonunda - XVII turda başlayıb. “Qarabağ” qış fasiləsindən sonra - XX turdan başlayaraq ardıcıl 4 dəfə meydanı qalib tərk edib. Maraqlıdı ki, bu dəfə onların qələbə seriyasını məhz “Qəbələ” dayandırıb. "Qırmızı-qaralar" “Qarabağ”dan fərqli bu il 6 qələbə qazanması cari çempionatımız üçün yeni rekorddu. Roman Qriqorçukun yetirmələrinin uğurlu seriyası XXIII turda fevralın 19-da Qəbələdə "Xəzər Lənkəran" üzərində 3:1 hesablı əzmkar qələbə ilə başlayıb.

 

“Bayıl Arena”dan “AZAL Arena”yadək

 

AZAL-la oyunda nəticə ukraynalı yeni baş məşqçi Roman Qriqorçukun “Qəbələ”də, həm də komandanın cari çempionatda ilk böyükhesablı qələbəsi olub. "Qəbələ" bu mövsümdə yeganə böyükhesablı qələbəsini mübarizədən kənarda qaldığı ölkə kubokunda qazanmışdı. Bu, rumıniyalı sabiq baş məşqçi Dorinel Muntyanunun vaxtında, kubokun 1/8 finalında (ötən ilin dekabrın 3-də) “Ağsu” ilə oyunda (3:0) qeydə alınmışdı.

 

"Qəbələ" Topaz Premyer Liqasında böyükhesablı son qələbəsini isə 427 gün öncə - ötən çempionatın III dövrəsinin ilk oyununda, “Bayıl Arena”da “Sumqayıt” üzərində (3:0) qazanmışdı. Maraqlıdı, həmin oyunda da Viktor Mendi ilk hissədə vurduğu qolla qələbəyə öz töhfəsini vermişdi.

 

8-ci dəfə 4:0-la

 

Cari çempionatda 4:0-lıq qələbə bir neçə dəfə qeydə alınsa da, səfərdə bu hesabla qalib gələn ilk komanda məhz “Qəbələ” oldu. Bununla “qırmızı-qaralar” AZAL-ı cari mövsümdə, nəhayət ki, yenə bilib. “Qəbələ” tarixində 8-ci dəfə 4:0 hesablı qələbəni bayram edib.

 

Cavid AZAL-ın qənimi oldu

 

“Qəbələ”də vurduğu qolların sayını 8-ə çatdıran Cavid Hüseynov bombardirlər siyahısında irəliləyib. 27 yaşlı yarımmüdafiəçi bu mövsümdən şərəfini qoruduğu “qırmızı-qaralar”da ilk dəfə dubl müəllifi olub. Ümumiyyətlə isə bu, komandanın cari mövsümdə 4-cü dubludu. Daha öncə çempionatda Dodo (“Simurq” la səfərdə 2:1) ilə Viktor Mendi (“Sumqayıt”la evdə 2:0) və kubokda isə Bəxtiyar Soltanov (“Ağsu”yla evdə 3:0) dubl ediblər.

 

Cavid AZAL-la oyunlarda daha bir maraqlı göstəriciyə imza atıb. Belə ki, Hüseynov bu mövsüm 4 dəfə AZAL-ın qapısına yol tapıb. Bir futbolçunun eyni rəqibə bu qədər qol vurması çempionatda lap az müşahidə olunub. Millimizin üzvü AZAL-la doğma meydanda 0:1 hesabı ilə uduzduqları matçda fərqlənə bilməyib. Yəni “Qəbələ”nin bu çempionatda “təyyarəçilər”ə qol vurduğu qalan 3 görüşdə Cavid də sözünü deyib. AZAL “Olimpik” adlandığı dövrdə onun heyətində oynadığını nəzərə alsaq, Hüseynov keçmiş komandasının qənimi oldu.

 

Hüseynov cari çempionatda 5-ci dəfə penalti yerinə yetirib və yenə dəqiq olub. Bunlardan 3-ü məhz AZAL-la matçlarda qeydə alınıb. Cavid bu mövsüm “Araz Naxçıvan”ı Qəbələdə 1:0 hesabı ilə məğlub etdiyi oyunda da penaltidən fərqlənib. Lakin həmin qol məlum səbəblərdən ləğv olunub. Milli çempionatımızda 30-cu dəfə fərqlənən Cavidin karyerasında ən yaxşı məhsuldarlığı məhz “Qəbələ”də nümayiş etdirməsi də qeyd olunmalıdı.

 

Özünün 30-cu, "Qəbələ”nin 300-cü

 

AZAL-la oyun Mendi üçün də əlamətdar olub. Belə ki, 34 yaşlı seneqallı hücumçu vurduğu qolla birdən-birə 2 yubileyə imza atıb. Əvvəla, Mendi “Qəbələ”də vurduğu qolların sayını 30-a çatdırıb. Bombardir bunlardan 26-nı çempionatda, 4-nü kubokda vurub. Mendinin “təyyarəçilər” in qapısına yolladığı top həm də “Qəbələ”nin Premyer Liqa tarixində 300-cü qolu olub.

 

Ehiosun üçün ilk səfər qolu

 

Matçda son nöqtəni qoyan Ekiqo Ehiosun bunadək də meydana sonradan çıxaraq qol vurmaq bacarığını göstərmişdi. Bu, “Qəbələ”də qol hesabını açdığı “Sumqayıt”la ev oyununda (3:1) olmuşdu. Cari mövsümdən “qırmızı-qara” formanı daşıyan 26 yaşlı nigeriyalı yarımmüdafiəçi, axır ki, səfərdə fərqləndi. Ehiosun bundan öncə bütün qollarını Qəbələdə vurmuşdu. Həmin matçlarda rəqiblər “Sumqayıt”la yanaşı, “Simurq” (2:3) və “Xəzər Lənkəran” (3:1) olub.

 

"Qəbələ İK" qəzeti

Xəbər xətti