Ardıcıl 7 qələbə
Premyer Liqanın XXX turunun “Neftçi” ilə səfər oyunu “Qəbələ” üçün rekordlarla əlamətdar olub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”dakı qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümə, kluba və futbolçularına məxsus rekordları yeniləyib.
Belə ki, komanda ardıcıl 7 qələbə ilə həm özünün, həm də mövsümün rekordunu müəyyənləşdirib. Bu isə ötən tur seriyanı 6-ya çatdırmaqla tarixinin rekorduna imza atan “Qəbələ” üçün yeni nailiyyətdi. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri bakılılara məğlubiyyətin əvəzini eyni hesabla çıxıb. Artıq 61 gündür çempionatda xal itirməyən “Qəbələ” bu müddətdə “Neftçi”yədək “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0 hesabı ilə məğlub edib.
Mövsümün 14-cü səfər oyununa çıxan “Qəbələ” rəqib meydanlarında da 7-ci dəfə qalib gəlib. Bu nəticə də klub tarixinin ötən mövsümə təsadüf edən rekordunun astanasındadı. 2013/14 mövsümündə 18 səfər matçında 7 qələbə qazanılmışdı. Rəqib meydanında əldə olunacaq növbəti 3 xal rekordun təkrarlanması ilə nəticələnəcək. Mövsümün sonunadək isə “qırmızı-qaralar” 2 dəfə səfərə çıxacaq.
“Neftçi” üzərində qələbə rəqib meydanlarında qazanılan 45-ci uğur olub. Premyer Liqada 134-cü səfər matçına çıxan “Qəbələ”nin hesabında 33 heç-heçə və 56 məğlubiyyət də var. Bu matçlarda 143 qol vuran komanda 177 top buraxıb.
“Neftçi” ilə qarşılaşmada sonuncu qolun müəllifi olan Viktor Mendi klub tarixinin ən məhsuldar futbolçusuna məxsus rekordlarını yeniləyib. Seneqallı hücumçu “Qəbələ”də 31-ci, Premyer Liqada 27-ci dəfə fərqlənib. Matçda 2-ci qola imza atan Cavid Hüseynov isə şəxsi rekordunu yeniləyib. Karyerası ərzində bir mövsümə ən çox – 9 qol vurmağa müvəffəq olan yarımmüdafiəçi həm də “Qəbələ”nin tarixində 2-ci nəticəyə şərik olub. Belə ki, indiyədək yalnız Daniel Subotiç bir mövsümdə daha çox qol vurub. O, 2013/14 mövsümündə 12 dəfə fərqlənib. Çempionatın sonuna 5 oyun qaldığından Hüseynov bu rekorda da çatmaq imkanına malikdi. Cavid kimi daha 3 oyunçu mövsümü 9 qolla bitirib. 2010/11 mövsümündə Deon Barton, 2011/12 mövsümündə isə Dodo ilə Yannik Kamanan da 9 dəfə fərqlənmişdi.
saytlarin hazirlanmasi