"Qəbələ" 8 qolla qələbə qazanaraq 1/4 finala yüksəldi

00:58 - 20 Aprel 2015

Komandalar hansı nəticələrlə yadda qaldı?
 
“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın təşkil etdiyi yarışlarda növbəti oyunlarını keçirib.
 
Sportal.az xəbər verir ki, bunadək AZAL-la ev qarşılaşmasında 5:0 hesabı ilə qalib gələn U-19 komandası səfərdə “İnter”lə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində mövqeyini qoruyub. Komanda  XXIX turda “Bakı” ilə görüşəcək.
 
Bu həftə çempionluğu təmin edən U-17 də növbəti qarşılaşmasında “Bakı” ilə üz-üzə gələcək. U-16 Liqanın lideri olan “Qəbələ” ötən tur “MKT-Araz”la qarşılaşmalı idi. Lakin qonaqlar oyuna gəlməyib. Matçla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək. U-16 komandanın növbəti rəqibi “Bakı” olacaq. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan U-15 evdə “Fotuna”nı qəbul edib. “Qırmızı-qaralar” bu qarşılaşmada 9 cavabsız qol vurub – 9:0. “Qəbələ” növbəti turda istirahət edəcək.
 
Zona yarışları başa çatan U-14, U-13, U-12, U-11 və U-10 Liqalarında final mərhələsinin püşkatma mərasimi keçirilib. “Qəbələ”nin komandalarının da 1/8 finaldakı rəqibləri müəyyənləşib. 
 
U-13 artıq bu mərhələdə də qüvvəsini sınayıb.  “Ağstafa gəncləri” ilə görüşən “qırmızı-qaralar” 8:0 hesabı ilə qalib gəlib. Bununla da komanda 1/4 finala yüksəlib. Aprelin 21-də baş tutacaq qarşılaşmada “Qəbələ” “Bakı” – “Mingəçevir” cütünün qalibi ilə görüşəcək. U-14 komandası Şirvanın eyniadlı komandası ilə görüşəcək. İlk qarşılaşmaya aprelin 21-də səfərdə çıxacaq “qırmızı-qaralar” 3 gün sonra ev matçında qüvvəsini sınayacaq. 1/8 final oyununa aprelin 22-də çıxacaq U-12 “Ağsu” ilə üz-üzə gələcək. Bundan 3 gün sonra isə U-11 Saatlı UGİM-i ilə qarşılaşacaq.

Xəbər xətti