Lənkəranda futbol inkişaf edir VİDEO

13:51 - 22 Aprel 2015

Ötən əsrin 60-cı illərindən başlayan inkişaf

 

Lənkəranda populyar idman növləri sırasında ilk pillələrdə idmanın şahı sayılan futbol qərarlaşır.

 

Sportal.az "Region TV"yə istinadən xəbər verir ki, rayonda futbolun inkişafı isə ötən əsrin 60-cı illərindən başlayıb. O dövrdə Lənkəranı təmsil edən “Xəzər” komandası olub ki, həmin vaxtlarda keçirilən çempionatlarda müxtəlif uğurlara imza atıb. Bu tendensiya indi də davam etməkdədir. Hazırda cənub rayonunda, Azərbaycan Premyer Liqasında çıxış edən “Xəzər-Lənkəran” klubundan başqa, bir neçə uşaq futbol komandaları da fəaliyyət göstərir. Burada futbol bir vaxtlar təkcə şəhər ərazisini əhatə etsə də, indi bu sərhəd daha da genişlənib. İndi kəndlərdə də müxtəlif çempionatlarda uğur qazanan kollektivlər mövcuddur. Bunu Cənub bölgəsi üzrə “AFFA”nın təşkilatçılığı ilə, Lənkəranda 11-15 yaşlı futbolçular arasında keçirilən çempionatda da görmək mümkündür. Bütün bunlar bu sahənin inkişafına, eyni zamanda gələcəkdə peşəkar futbolçuların yetişməsinə xidmət edir.

 

Rayonda bu idman növünə marağın başlıca amili isə, heç kəsə sirr deyil ki, “Xəzər-Lənkəran” klubu və onun qazandığı nəaliyyətlərdir. Cənub təmsilçisinin istər ev, istərsə də səfər oyunlarında tribunaların azarkeşlə dolması, komandanın dayanmadan dəstəklənməsi “Xəzər-Lənkəran”-a və futbola olan sevginin göstəricisidir.

 

Lənkəranda futbolun populyar idman növü olmasını qız futbolunun inkişafında da görmək mümkündür. Hazırda Uşaq Gənclər İdman Məktəbinin nəzdində 2 yaş qrupunda – 13 və 19 yaşlı qızlardan ibarət futbol komandası var ki, onlar da müxtəlif yarışlarda inamlı nəticələr qazanıblar. İki lənkəranlı xanım futbolçu da milli komandanın üzvüdür.

 

Xəbər xətti