- "Qəbələ"nin son vaxtlar uğurlu çıxışının səbəbini nədə görürsən?
- Fikrimcə, bunda baş məşqçinin böyük rolu var. Roman Qriqorçuk istədiklərini artıq həyata keçirə bilib. Oyunçuların baş məşqçinin istəklərini meydanda reallaşdırılması vacib amildir. Bu, nəticələrdə də əksini tapır.
- Qriqorçukun futbolçulardan əsas istəyi nədi?
- İlk növbədə komanda oyunu. Yanvar ayından bizimlə işləməyinə baxmayaraq, işləri tezliklə yoluna qoymağı bacarıb. Yeni futbolçuların komandaya uyğunlaşması da önəmli amildi. Bütün bunlar oyunumuza müsbət təsir göstərib.
- Rafael Santos “Qəbələ”nin müdafiə xəttinin, belə deyək, dirəyi sayılır. Komandada çıxış etdiyin 14 ayda qol vurmasan da, sabit oyununla seçilirsən, meydanda komanda yoldaşlarının səhvlərini daim sığortalayırsan. Buna necə nail olursan?
- “Qəbələ”də həmişə yaxşı münasibət görmüşəm. Azərbaycanda olmaqdan çox məmnunam. Artıq ailəm də mənimlədi. Bunlar oyunumun sabit olmasını əsaslandıran faktorlardı. Rəvan və rahat həyat çıxışıma müsbət təsir göstərir. Əlbəttə, prezidentimizin, klub rəhbərliyinin, baş məşqçinin, komanda yoldaşlarımın və azarkeşlərin dəstəyi də sabit oynamağımı səciyyələndirən amillərdəndi. Standart vəziyyətlər zamanı çox vaxt rəqibin cərimə meydanında olur və qol vurmağa çalışıram. Ancaq mənim üçün özümün fərqlənməsi yox, komandamın qalib gəlməsi daha vacibdi.
- “Qəbələ”də 3 baş məşqçinin rəhbərliyi ilə oynamısan. Rusiyalı Yuri Syomin, rumıniyalı Dorinel Muntyanu və ukraynalı Roman Qriqorçuk.
- Hər üçü tanınmış, iş üslubları fərqli olan mütəxəssislərdi. Məncə, hər birinin futbola baxışı özünəməxsus idi. Əsas məsələ futbolçuların yeni baş məşqçiyə tez uyğunlaşması, onların oyun fəlsəfəsini yetərincə başa düşmələridi.
- Qriqorçuk “Qəbələ”yədək 4 il “Çernomorets”də baş məşqçi olub. Sənsə bura gələnədək çıxış etdiyin Kiyev “Arsenal”ında indiki çalışdırıcınla rəqib olmusan.
- Doğrudu. Bu, həm də “Qəbələ”yə gələn ukraynalı futbolçular – Dmitri Bezotosnı, Aleksey Qay və Ruslan Fominə də aiddir. Mən onlara qarşı Ukraynada çox oynamışam.
- Qriqorçuk səni xatırladımı?
- Bəli. O, “Arsenal”da oynadığımı bilirdi. Məni görəndə, Ukraynadan xatırladığını dedi.
- “Qəbələ”də debüt mövsümün klubun tarixində bir sıra ilklərə yadda qaldı.
- Bəli, bunlar mənim üçün unudulmaz anlardı. Karyeramda 2 dəfə çempion olmuşam: vətənimdə “Vitoriya” və “Atletiko Paranaense” klublarında. Azərbaycana yeni gələndə, elə ilk mövsümdəcə mükafat qazanmaq istəyirdim. Bu mənada, “Qəbələ”nin heyətində əldə etdiyim bürünc mükafatın dəyəri mənim üçün çox böyükdür. Kaş ki daha yüksək əyarlı medal – qızıl, ya da gümüş qazanaydıq.
- Bu il daha yüksək əyarlı medal qazanacağımıza, yaxud ən azı, ötənilki nəticəni təkrarlayacağımıza inanırsan?
- Artıq komandamızın oyunu alınır. “Qəbələ” qış fasiləsindən sonra xeyli irəli gedib. Bunlar gələcəyə nikbin baxmağa əsas verir. Məncə, oyundan-oyuna daha yaxşı çıxış edirik. İstənilən halda, cari mövsümdə medallar, avrokuboklar uğrunda mübarizəmizi sonadək davam etdirəcəyik
- Azərbaycan Premyer Liqası Braziliya və Ukrayna çempionatlarından nəyi ilə fərqlənir?
- Azərbaycan Premyer Liqası fərqli çempionatdı. Braziliya çempionatında topla oyuna üstünlük verirlər. Ukrayna Premyer Liqası daha çox sərt oyunu, güc futbolu ilə seçilir. Azərbaycan çempionatına gəlincə, ilk vaxtlar mənə çətin idi. Çünki mənim üçün naməlum bir çempionat idi. Bura gəlməzdən öncə Premyer Liqanız haqda məlumatım yox idi. Azərbaycan çempionatına uyğunlaşmaq, özəlliyini başa düşmək üçün mənə bir qədər vaxt lazım oldu. Artıq çətinliklər arxada qalıb və özümü Premyer Liqada rahat hiss edirəm.
- Adətən, braziliyalılar çılğın olurlar. Ancaq sən əksinə... Yəni yerlilərinə bənzəmirsən.
- (Gülür) Mənə bunu çox deyiblər. Məncə, sakit təbiətli olmağım, öz hisslərimə nəzarət etməyim birbaşa ailəylə bağlı məsələdi. Ancaq öz işimə həddən artıq ciddi yanaşıram. Komanda yoldaşlarımla münasibətlərim əladı.
- Maraqlıdı, “Qəbələ” Braziliyadan necə görünür?
- Vətəndə olanda, adətən, mənə “Qəbələ” haqda suallar verir, Azərbaycandakı həyat tərzimlə çox maraqlanırlar. Çünki Azərbaycanla Braziliya fərqli ölkələrdi. Mən “Qəbələ” haqda həmişə yaxşı danışıram. Çünki burada çox xoşbəxtəm. “Qəbələ” ilə bu ilin sonunadək müqaviləm var.
- Braziliya eyni zamanda çimərlikləri ilə tanınır. Qəbələ isə dənizdən kənarda, fərqli təbiəti olan dağətəyi bölgədir. Bura sənə vətənində hansı bölgəni xatırladır?
- Bəlkə Braziliyada da Qəbələ kimi inkişafda olan şəhərlər tapmaq olar. Hər halda, Qəbələnin vətənimdəki bəzi şəhərlərlə oxşarlığı var. İkinci ildi burdayam və Qəbələnin getdikcə daha da inkişaf etdiyini görürəm. Mən əsas fərqi 2 ölkənin insanlarının xarakterlərində görürəm. Biz bir az emosionalıq, azərbaycanlılar isə sakit təbiətlidi. Braziliyada tətildə olduğum müddətdə əsas istəyim yaxşı dincəlmək, əylənmək olur. Bizə oyunlardan sonra verilən 2-3 günlük istirahət vaxtı ailəmi Bakıya aparıram.
- Azərbaycanda da Rafael adının olması sənin üçün gözlənilməz olmadı ki?
- Bir az təəəcüblü oldu. Azərbaycanda da Rafaellərin olacağını gözləmirdim. Hər halda, adıma burada da rast gəlməyim mənim üçün xoşdu.
- Sonda ailən haqda...
- 10 yaşında bir oğlum var, adı Rafael Kevindi. Futbola həvəsi böyükdü. İstərdim ki, yaxşı futbolçu olsun. Bunu zaman göstərəcək. Braziliyada “Korintians”ın akademiyasına qoymuşam.
- Hansı mövqedə oynayır?
- Hücumda. Məncə, ailədə bir müdafiəçi bəsdi. Qoy oğlum da hücumçu olsun, çoxlu qol vursun. Daha 3-4 il oynamaq istəyirəm. Bundan sonra futbolçukaryeramı bitirib, oğluma daha çox vaxt ayıracağam.
- Dekabrın 31-də başa çatacaq müqaviləni uzatmaq istərdinmi?
- Əvvəla, məqsədim həmin vaxtadək müqavilə şərtlərini, üzərimə düşən öhdəlikləri yerinə yetirməkdi. Anlaşmanın uzadılması daha çox rəhbərlikdən, baş məşqçidən asılıdı. Təbii ki, mənim də istəyim vacibdi. “Qəbələ”yə öyrəşmişəm və burada qalmaq istərdim.