"Qələbə şansı həmişə var"
Artıq Avropa Liqasına vəsiqəni təmin etmiş “Qəbələ” Premyer Liqada 3-cü yer ugrunda mübarizəni davam etdirir.
Sportal.az xəbər verir ki, bu baxımdan XXXIV tur çərçivəsində, mayın 16-ı, saat 20.00-da Qəbələ stadionunda “İnter”ə qarsı keçiriləcək oyun vacib əhəmiyyət kəsb edir. Eyni zamanda paytaxt klubunda səfər iddialı yollanır.
Gərgin mübarizənin sonluğu
Ötən tur “Qarabağ”ın “Sumqayıt”la oyunda xal itirməsi (1:1), “İnter”in isə “Neftçi”ni darmadağın etməsi (4:0) çempionluq yarışını yenidən gündəmə gətirib. İndi lider “Qarabağ”dan 6 xal geri qalan “İnter”in qızıl medal qazanmaq üçün real şansı var. Bunun üçün bakılılar qarşıdakı hər 3 oyunda, o cümlədən “Qəbələ” ilə görüşdə qalib gəlməlidirlər. Lakin Roman Qriqorçukun yetirmələri asan təslim olmaq fikrində deyillər. Bir halda ki, 3-cü pillədə “Neftçi”ni sıxışdırmışıq, bunun davamını gətirmək lazımdır. Həm bu qarşılaşmada, həm də son turda “Bakı” ilə görüşdə qazanılacaq 4 xal ardıcıl 2-ci dəfə bürünc medala qovuşmağımıza kifayətdi. Nəzərə alsaq ki, “Neftçi”ni “Bakı” və AZAL-la görüşlər gözləyir, deməli, “Qəbələ”nin fi nişdə uduzması arzuolunan deyil.
Çempionun bacarmadığını “Qəbələ” edib
“Qırmızı-qaralar” Azərbaycan çempionatlarında “İnter”lə indiyədək 27 dəfə üz-üzə gəlib. Həmin görüşlərin 6-da qələbəyə sevinən "qırmızı-qaralar" 8 qarşılaşmanı heç-heçə başa vurub. “İnter”in aktivində isə 13 qalibiyyət var. Təbii ki, topların nisbəti də Bakı klubunun xeyrinədi - 40:22.
Kaxaber Tsxadadzenin komandası bu mövsümü həqiqətən də çox yaxşı keçirir. Diqqət: rəqib 2014/15 mövsümündə cəmi 2 dəfə məğlubiyyətlə üzləşib. Bir qədər də dəqiqləşdirsək, “İnter” başa vurmaqda olduğumuz futbol ilində səfərdə ilk və hələlik son dəfə “Xəzər Lənkəran”a (29 avqust 2014-cü il, 0:1) uduzub. Bundan sonra “İnter”in 20 oyunluq məğlubiyyətsizlik seriyasını martın 18-də elə “Qəbələ” qırıb. Özü də qəbələlilər bakılıları rəqib meydançasında dayandırıb - 2:1. Bu isə o deməkdi ki, “İnter” bu mövsüm paytaxtda yalnız “Qəbələ”yə uduzub. Heç son çempion “Qarabağ” 2014/15 mövsümündə “İnter”ə bata bilməyib. Adıçəkilən komandalar arasında geridə qalan hər 3 görüş 0:0 hesabı ilə nəticələnib.
“Qələbə şansı həmişə var”
“İnter”in seriyasının qırıldığı oyundan söz düşmüşkən, həmin matçda hesabı açan Aleksey Qayın təəssüratları maraq doğurmaya bilməz. Azərbaycan çempionatında ilk qolunu “İnter”in qapısına vuran ukraynalı yarımmüdafiəçi fərqləndiyi epizodu belə xatırlayır: “Künc zərbəsindən yaxşı ötürmə verildi və mən başla topu qapıdan keçirdim. Həmin vaxt lazımi mövqedə idim. Bəli, bu, “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında ilk qolum idi. Ancaq mənim üçün özümün fərqlənməyim yox, vurduğum qolun komandaya fayda verməsi vacibdir. Elə alındı ki, ilk qolumla yaxşı nəticə üst-üstə düşdü”.
O, qarşıdakı oyunda 3 xal qazana biləcəyimizə inanır. Son turda “Sumqayıt”la görüşdə də fərqlənən Qay yenə “İnter”i məyus etmək niyyətindədi: “Qələbə şansı həmişə var. Biz rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, hər oyunda maksimal nəticə qazanmağa çalışırıq. İnanıram ki, bu dəfə də “İnter”ə qol vurmaq mənə nəsib olacaq”.
"Qəbələ İK" qəzeti
saytlarin hazirlanmasi