11-ci qrupda yer alıb
“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.
Sportal.az xəbər verir ki, komandanın sabiq futbolçusu Yaşar Abuzərovun başçılıq etdiyi kollektiv mayın 23-24-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Lenser Pfingct Cup” turnirində mübarizə aparacaq. İştirakçı baxımından Almaniya təmsilçilərinin üstünlük təşkil etdiyi turnirdə “Qəbələ” 11-ci qrupda yer alıb.
“Qırmızı-qaralar” qrup mübarizəsində İngiltərənin “Liverpul”, eləcə də yerli TSV “Neu Ulm”, FC “Herdecke Ende”, “Ratenger SpVgg 04/19” kollektivləri ilə üz-üzə gələcək. Bu, 2004-cü il təvəllüdlü futbolçularımızın ilk xarici səfəridir.
Budəfəki turnirdə qalib adı uğrunda Almaniyanın “Borussiya”(Dortmund), “Şalke”, “Düsseldorf”, “Köln”, “Herta” və “Hannover-96”, İngiltərənin “Arsenal”, “Liverpul” və “Lyuton Taun“, Avstriyanın “Austriya”, “Rapid”, İsveçin “Hammarbyu” və “Malmö”, habelə “Portu” (Portuqaliya), ”Malaqa” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya), “San Paulo” (Braziliya) kimi adlı-sanlı klub təmsilçiləri mübarizə aparır.
“Qəbələ” Almaniyaya bu heyətlə yollanacaq: Nail Kərimov (“Qəbələ” Futbol Akademiyasının direktor müavini), məşqçilər Yaşar Abuzərov, Anar Surxayev və Uğur Kurt, həkim İlkin slamov, inzibatçılar Elçin Şahbazlı və Elçin Rzazadə. Futbolçular: Heybət Vəliyev, Emil Umarov, Elçin Kərimov, Səid Agazadə, Vüqar Cüməzadə, Fuad Əhmədov, Cavad Kərimov, Emil Süleymanov, Murad Hümbətov, Aslan Qarayev, Elmir Qələndərov, Elmir Şirinzadə, Səid Abdullayev, Hüseyn Hüseynzadə, Nuqay Rəşidov, Elmir Hüseynli, Nihad Xəlili, Okan Təhməzli.
Qeyd edək ki, “Qəbələ” U-11 futbol akademiyamızın bu mövsüm ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq turnirdə çıxış edəcək növbəti kollektividir. Bunadək “Qəbələ”nin U-12, U-13, U-14, U-15 və U-17 komandaları xaricdə keçirilən beynəlxalq turnirlərdə iştirak ediblər.
"Qəbələ İK" qəzeti