Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ"nin futbolçusu Bəxtiyar Soltanov açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi mövsümə “Araz Naxçıvan”da başlasa da, komandası II dövrədə çempionatda oynamaqdan imtina etdikdən sonra sərbəst futbolçu kimi “qırmızı-qaralar”a keçib. Futbolçu “Qəbələ”yə gəldiyi dövrlə indiki komanda arasında müqayisə aparıb:
“Mən gələndə komandada vəziyyət ürəkaçan deyildi. “Araz Naxçıvan” çempionatda mübarizədən kənarlaşdığına görə “Qəbələ”nin 6 xalının silinməsi turnir cədvəlindəki mövqeyimizə mənfi təsir etmiş, futbolçularda psixoloji gərginlik yaratmışdı. Birdən-birə iki pillə geriləməyimiz futbolçuları ruhdan salmışdı. Ancaq mövsümün ikinci yarısı yaxşı keçdi. Ardıcıl səkkiz qələbə komanda daxili ab-havanı xeyli yaxşılaşdırdı. 11 oyunluq məğlubiyyətsiz seriya əla göstəricidir. Ümid edirəm ki, son turda da qalib gələrək mövsümü medalla bitirəcəyik. Daha sonra Avroliqa oyunlarına hazırlığa başlayacağıq. Bu turnirdə məqsədimiz bir yox, bir neçə mərhələ keçmək olacaq”.
Soltanov komandanın yüksəlişdə olmasını ukraynalı mütəxəssisin həm də intizama xüsusi üstünlük verməsi ilə əlaqələndirib: "Adi səhvlərdən topu itirəndə Qriqorçuk çox əsəbiləşir. Rəqibin adi epizodda topu ələ keçirməsini bizə bağışlamır. Ancaq baş məşqçinin çox tələbkar olmasının bizə mənfi təsiri yoxdur. Olsaydı, hər halda belə uğurlu nəticələr qazanmazdıq. Səkkiz oyunluq qələbə seriyası “Qəbələ”nin tarixində ilk dəfədir. Bu seriyada iştirak etdiyimə görə sevinirəm. Çox mehriban kollektivimiz var. Baş məşqçi futbolçular arasında ayrıseçkiliyə imkan vermir, hamıya eyni gözlə baxır. Hər şey də bundan qaynaqlanır. Qriqorçukun vaxtında gələnlər gənclər yox, təcrübəli, öz sözünü demiş futbolçulardır. Hamısı komandaya fayda verir. Hər qələbə biz futbolçularda özünəinamı artırdı. Nəticədə, uğurlu oyunlarımız seriya xarakteri aldı. Özümüz də bunu gözləmirdik".
“Qəbələ”yə gələndə “6 ay +1 il” şərti ilə müqavilə imzalayan Bəxtiyar gələcək taleyini zamanın ixtiyarına buraxıb: “Təbii, komandada qalmaq istəyirəm. Mənə “Qəbələ”də oynamaq hər cəhətdən rahatdır. Hər futbolçu istəyər ki, ailəsi yanında olsun. Mən də ailəmi Qəbələyə gətirmişəm. Sağ olsun rəhbərlik, buna şərait yaradıb. Ailən yanında olanda, özünü daha rahat hiss edirsən".