"Əsas üstünlüyümüz balanslaşdırılmış heyətin olmasındadır"
17 yaşadək futbolculardan ibarət komandamız (U-17) 2014/15 movsumunu “qızıl dubl”la başa vurub. Ramin Quliyevin yetirmələri cempionluğun ardınca “U-17 kuboku” turnirinin qalibi olublar.
Sportal.az xəbər verir ki, mayın 18-də “Bayıl Arena”da “Bakı”yla final oyunu “Qəbələ”nin böyükhesablı əzmkar qələbəsi ilə nəticələnib – 4:1. Komandamız rəqib futbolçu Şahin Quliyevin erkən qoluyla hesabda geri düşsə də, fasiləyədək vəziyyəti xeyrimizə dəyişmək mümkün olub. Əvvəlcə Nurlan Quliyev tarazlığı bərpa edib, ardınca Baxşəli Baxşəliyev “Qəbələ”ni hesabda önə çıxarıb. İkinci hissədə isə Rövlan Muradov qollardan birini penaltidən vurmaqla dubl müəllifi olub. Bu oyunadək 1/4 finalda “Qarabağ”I (1:1, 4:1), yarımfi nalda “Neftçi”ni (3:2, 2:2) mübarizədən kənarlaşdıran komandamız cari mövsümdə 2-ci titulunu qazanıb. Quliyevin yetirmələri cari mövsümdə “Qəbələ”yə çempionluq qazandıran ilk komanda olub.
“Qəbələ İK”ya açıqlamasında mövsümə yekun vuran Ramin Quliyev “qızıl dubl”un onun üçün gözlənilməz nəticə olmadığını bildirdi və fikrini belə əsaslandırdı: “Çempion olanda da demişdim ki, bu komandadan yüksək nəticə gözlənilir. Çünki kollektivdə perspektivli futbolçularımız çoxdur və onların səviyyəsi “qızıl dubl” etməyə imkan verirdi. Kuboku qazanmaqla bunu bir daha sübut etdik. Aparıcı futbolçuların teztez yığmaya çağırılması heyətdə boşluqlar yaratsa da, nəticəyə təsir göstərmədi. Olur ki, komandada 3-4 perspektivli futbolçu çıxış edir. “Qəbələ”də isə belələri 10-11 nəfərdir. Onlardan 3-4-ü milli üzvləridir. Qalanlar da hər iki turnirdə eyni səviyyədə oynamaq gücündədir. Təsadüfi deyil ki, çempionatda keçirdiyimiz 21 oyundan bəlkə də yarısında milli üzvləri oynamadılar. Bir sözlə, əsas üstünlüyümüz balanslaşdırılmış heyətin olmasındadır”.
Təbii ki, uğurlu nəticə komandayla yanaşı, baş məşqçi, onun köməkçisi Emin İmaməliyev üçün də önəmlidir. Axı onlar gənc çalışdırıcılardır və məşqçilikdə ilk addımlarını atırlar: “Əlbəttə, bu, şəxsən mənim və Emin İmaməliyev üçün sevindirici nəticədir. Qazandığımız nəticələr bizim üçün aldadıcı ola bilməz. Əksinə, daha çox işləmək lazımdır. Görüləsi işlər hələ çoxdur”.
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Ramin Quliyev futbolçu karyerasında ən böyük uğurlarını (həm çempion, həm də kubokun qalibi) məhz “Bakı”da qazanıb. Üstəlik, rəqib komandanın baş məşqçisi Fərrux İsmayılovla vaxtilə həmin komandada çiyin-çiyinə oynayıb. Həmsöhbətimin fikrincə, məşqçi kimi qazandığı nəticə ilə futbolçu karyerasında əldə etdiyi nailiyyətlər müqayisəolunmazdır: “Bunlar arasında yerlə göy qədər fərq var. Futbol həyatı, orada qazandığımız qələbələrdən doğan təəssürat başqa, məşqçi kimi qazandığım uğurların sevinci bir başqadır. Hər birinin öz gözəlliyi var”.
1998-ci il təvəllüdlü futbolçular növbəti mövsümdən U-19-un heyətində çıxış edəcəklər. Onları isə hazırda U-16-da çıxış edən 1999-cu il doğumlu futbolçular əvəzləyəcək. Quliyevin isə gələn mövsümdə hansı komandada çalışacağı hələ müəyyənləşməyib: “Mövsüm bitəndən sonra bölgü olacaq və rəhbərlik hansı komandanı məsləhət görsə, orda da işləyəcəyəm. Əlbəttə, U-17-də qalsam, növbəti mövsüm daha məsuliyyətli olmalıyam. Çünki gələn il 17 yaşadək futbolçulardan ibarət yığma komandaların Avropa çempionatının final mərhələsi Bakıda keçiriləcək. Mövsümü “qızıl dubl”la başa vuran komandaya daha çətin olacaq. Çünki “Qəbələ”nin bu yığmada xeyli futbolçusu var və onlar eyni zamanda klubumuzu avropamiqyaslı turnirdə təmsil edəcəklər”.
Xatırladaq ki, Ramin Quliyev ötən mövsüm işlədiyi “Qəbələ”nin U-12 komandası ilə birinciliyi 2-ci yerdə bitirərək, mövsümü gümüş medalla başa vurmuşdu.
saytlarin hazirlanmasi