“Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışına həsr olunmuş brifinq keçirilib

16:56 - 2 İyun 2015

5 məzun Mançesterə 4 günlük səfər edəcək

 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib.

 

Sportal.az xəbər verir ki, Seleksiya prosesində fərqlənmiş 8-12 yaş arası 2 qapıçı olmaqla 34 uşaq iyunun 1-dən 5-dək Bayıl stadionunda  ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopherin rəhbərliyi ilə “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak edir.

 

Bu məqsədlə bu gün Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Bakcell şirkətinin Baş marketinq direktoru Maria Toychevanın iştirakı ilə brifinq keçirilib. Əvvəlcə Bakcell şirkətinin Baş marketinq direktoru M.Toycheva çıxış edərək layihənin əhəmiyyətindən danışıb AFFA ilə əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.

 

AFFA-nın baş katibi Elxan Məmmədov isə layihə haqda daha geniş məlumat verərək “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlərinin Azərbaycanın hər regionunu əhatə etdiyini və 1000-ə yaxın uşağın seçimlərə qatıldığını bildirib. Seçimlərdə fərqlənən uşaqlardan 34 nəfərin Bakıda təşkil olunan təlim-məşq toplanışında iştirak etdiyini xatırladıb.

 

Daha sonra Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett seçim prossesi haqda danışaraq daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirdiklərini qeyd edib.

 

Xatırladaq ki, iyunun 5–dək davam edəcək təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək. Səfərlə əlaqəli xərcləri də həmçinin Bakcell şirkəti öz üzərinə görürür.

Xəbər xətti