"Şarples çox güclü mütəxəssisdi"
"Qəbələ” idman klubu tərəfindən futbol meydançalarının ot örtüyü üzrə mütəxəssisləri üçün təşkil olunan kurslar başa çatıb.
Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssis, artıq uzun müddətdi "Qəbələ"də fəaliyyət göstərən Filip Şarplesin rəhbərlik etdiyi kurslar 1 il 3 ay davam edib. Stadionda çalışan yerli əməkdaşların qatıldığı dərslər imtahanlarla yekunlaşıb. Sonda kursların iştirakçılarına İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) xüsusi sertifikatları verilib.
Şarples kurslar, klubun bu sahədə gördüyü işlər haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Biz ot örtüyü üzrə mütəxəssis yetişdirməyə bir neçə il əvvəl başladıq. Həmin vaxt cəmi 3 nəfər var idi. Ötən illər ərzində həm onları hazırladıq, həm də meydançaları inkişaf etdirdik, sayını artırdıq. Sonra işçilərin də sayını artırıb, 10 nəfər olduq. Burdakı işimizin hədəfi ot örtüklərini İngiltərə və Avropanın digər ölkələrindəki Premyer Liqa meydançalarının səviyyələrinə gətirməkdi. Bunun üçün təlim keçmiş əməkdaşlar olmalıdı, onlar meydançanı, işi yaxşı anlamalıdılar. Burda əsas məsələ yalnız otu əkmək və ya sulamaq deyil, torpağı, havanı, bioloji və fizioloji xüsusiyyətləri anlamaq gərəkdi. Meydançalara lazımınca qulluq etmək olduqca mürəkkəb işdi. Burda sual çıxır ki, bəs onda nəyə görə Avropadakı meydançalar yaxşı vəziyyətdədi? Çünki, orda insanlar bunları yaxşı anlayır və meydançalara əla qayğı göstərir.
Azərbaycanda da eyni işi görməyə çalışırıq. İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutu (Institute of Groundsmanship) ilə əməkdaşlıq çərçivəsində birillik kurs həyata keçiririk. Orda ot örtüyü üzrə dünyanın aparıcı mütəxəssisləri fəaliyyət göstərir. Onlar bizim meydançaları təkmilləşdirmək işinə cəlb olunublar. Bu kurs barədə onlara məlumat verib, 1 il 3 ay müddətində həyata keçirməyə razılaşdıq. Kurs müddətində həftəlik dərslər, motorlu avadanlıqlarla təcrübələr keçirildi, test imtahanları oldu. İştirakçılar hamısı imtahandan çox yaxşı keçdilər. Onlar hazırda işlərinin mahiyyətini yaxşı anlayır, nəyi necə etməli olduqlarını bilirlər. İnanıram ki, bu “Qəbələ”nin uğurlu gələcəyə doğru inkişafına töhfə verəcək”.
Şarples kursda iştirak edənlərin gələcəkdə ot örtüyü mütəxəssisi ola bilməsini mümkün sayır:
“Bu, xeyli vaxt tələb edir. Həm də ki, mən ot örtüyü mütəxəssisi deyiləm, aqronomam. Bunlar fərqli peşələrdi. Ot örtüyü mütəxəssisi otlara necə qayğı göstərməyi, dərmanı nə vaxt, necə verməyi yaxşı bilməlidi. Onlar otu necə yetişdirməyi, oyunlardan sonra meydançanın ehtiyac olan yerlərini yeni ot örtüyü ilə təmin etməyi bacarmalıdı. Amma aqronom otun biologiyası barədə daha dərin biliyə malik olur. Əlbəttə ki, onlar nə vaxtsa ot örtüyü üzrə mütəxəssis kimi çalışa biləcəklər. Amma bu, xeyli vaxt, hətta 10 il çəkə bilər. Çünki, meydançalar, ətraf mühit, o cümlədən iqlim fərqlidi. Məsələn, Bakıdakı meydançalar burdakılarla müqayisədə başqa cürdü. Bu, müxtəlif çətinliklər törədir və onları anlamaq 10 il çəkə bilir. Biz hazırda kurs iştirakçıları ilə ilk mərhələni keçdik, onlara işin mahiyyətini anlamağı öyrətdik. İngiltərədə bu sənəti öyrənmək üçün məktəbə gedirlər. Mən universitetdə bu sahə üzrə dərs demişəm. Orda bu sənət üzrə xeyli kurslar da var. Təəssüf ki, Azərbaycanda belə kurslar yoxdu. Mən bir müəllim kimi, öz təcrübəmdən istifadə edərək ölkə miqyasında olmasa da klubda tətbiq etdim”.
Sertifikata layiq görülən mütəxəssislər arasında yer alan Orxan Yusifov kursların əhəmiyyətini vurğulayıb:
“2014-cü ilin fevralında kurslara start verdik. Həftəlik dərslərə Filip Şarples rəhbərlik edirdi. O, Avropada 50 ildən artıqdı fəaliyyət göstərən İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) təsdiqi ilə gəlib, kurs keçirdi. Şarpless bizə keçdiyi mövzuları da bu qurumla razılaşdırmışdı. Bitkinin həm fiziki, həm bioloji quruluşu, torpağın vəziyyəti və onda olan maddələr haqda dərslər keçir, hər həftənin sonunda isə mövzu ilə bağlı testlər verirdik. Sonra isə praktiki hazırlıq keçdik. Burda maşınların sürülməsi, texniki avadanlıqlardan istifadə üzrə dərslərə üstünlük verildi. Gübrəsəpən, dərmansəpən maşınlardan istifadə üzrə də testlər verdik. Bu ilin yanvarında isə 1 il müddətində keçirilənlərlə bağlı imtahan verdik. Bütün bunların sonunda isə ümumiləşdirilmiş imtahanlar verdik. Nəticələri də yaxşı oldu. Artıq sertifikatlar da göndərilib. Bu, Azərbaycanda bir ilkdir və “Qəbələ” klubunda gerçəkləşir. Müəyyən müddət keçəndən sonra əcnəbi mütəxəssis olmadan da ot örtüyü ilə bağlı işin öhdəsindən gələ biləcəyik. Bunun üçün müəyyən vaxt lazımdı. Avropada 6-7 ilə yaxın vaxt lazımdı ki, bu işi öyrənib, müstəqil fəaliyyət göstərmək olsun. Bizdə isə bu iş yenidi. “Qəbələ” klubu tərəfindən şəraitin yaradılması, Şarplesin gəlməsi bizə müstəsna imkan yaradır. Azərbaycanda ilk olmasının nəticəsidi ki, ölkənin digər yerlərində təşkil olunan müxtəlif turnirlər zamanı da bizə dəvətlər gəlir. Lənkəran stadionunda, Bakıda, U-17 qadınlararası dünya çempionatında Şarplesin rəhbərliyi altında bəzi stadionlarda olmuşuq. Klubun dəstəyi ilə xaricə - Türkiyənin “Qalatasaray” və “Kasımpaşa” klublarına getmişik. Bütün bunlar da təcrübəmizə rəng qatır”.
“Qəbələ”nin ot örtüyü üzrə digər mütəxəssisi Elvin Zamanlı kurslar sayəsində biliklərini zənginləşdirdiyini qeyd edib:
“Şarples çox güclü mütəxəssisdi. O, dərmanlarla, ot örtüyünə baxmaqla bağlı bildiklərini bizə öyrədir, dərslər keçir. Bu dərslərin nəticəsində imtahan verib, sertifikatlarla təltif olunduq. Şarpless gələnədək yalnız praktiki işləri bilirdik. Artıq otla bağlı, dərman, gübrə verməklə bağlı çox şey öyrənmişik. Otun özəlliklərini bilmişik. İstəyirik gələcəkdə daha yaxşı öyrənib, Azərbaycan futboluna fayda verək. İşimizi sevirik, öyrənmişik, gələcəkdə klubumuza və ölkə futboluna fayda vermək, Şarples kimi dünya, Avropa stadionlarında əməyimizin olmasını istəyərdik”.
saytlarin hazirlanmasi