"Qəbələ"dən növbəti rəsmi transfer

23:01 - 16 İyun 2015

2 illik müqavilə

 

2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov və Vitali Vernidubu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb. 
"Qəbələ" Estoniya milli komandasının futbolçusu Sergey Zenyovla 2 illik müqavilə imzalayıb. 26 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib. Estoniyalı legionerin son klubu Rusiyanın “Torpedo” (Moskva) komandası olub.

 

"Qəbələ"yə keçidindən sonra Zenyov ilkin təəssüratlarını  bölüşüb:

 

"Qəbələ"yə keçid karyeramda yeni səhifə, yeni hədəflər deməkdir. Yeni komandam Avropa Liqasında çıxış edəcək və Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaq. Hədəfləri olan komandada çıxış etmək hər futbolçunun arzusudur. Mən də "Qəbələ"yə keçdiyimə görə məmnunam. "Qəbələ" haqda qiyabi məlumatlara malikəm. İnternet vasitəsilə komandanı, klubun yerləşdiyi şəhəri, şəraiti və bazanı araşdırmışam. Heyətdə daha öncə rəqib kimi qarşılaşdığımız futbolçular var. Bu mənada Qayı, Vernidubu, Bezotosnını tanıyıram. Onların oyununa yaxşı bələdəm. Daha öncə "Karpatı"nın heyətində Avropa Liqasında çıxış etmişəm. Məqsədim təcrübəmdən istifadə edərək komandama həm Avropa Liqasında, həm də ölkə çempionatında kömək olmaqdır."

Xəbər xətti