"Qəbələ"nin yeni transferi: “Aktobe” ayrı komandadır, “Qəbələ” ayrı komanda

10:05 - 25 İyun 2015

Oyun planında daha da təkmilləşmək mümkündür

 

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyununda “İnter”lə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşün taleyini Aleksey Antonovun qolu həll edib.

 

 “Qəbələ”nin  yeni transferi matçdan sonra fikirlərini klubun rəsmi saytına açıqlayıb.

 

Həmin açıqlamanı sizə təqdim edirik:

 

“Qəbələ”nin heyətində keçirdiyim ilk oyun məndə yaxşı təəssürat yaratdı. Daha yaxşı oynamaq olar. Oyun planında daha da təkmilləşmək mümkündür. Heç bir problem nəzərə çarpmır. Yeni komandama uyğunlaşmağım da qaydasındadır. Düşünürəm ki, bununla bağlı çətinlik olmayacaq. “Qəbələ” ilə 2 gün məşq etmişəm, 3-cü gündür burdayam. Hər şey yaxşı olacaq. Sadəcə zaman lazımdır”.

 

Antonov Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Tiflis “Dinamo”su ilə 1 il əvvəl də qarşılaşıb. O, Qazaxıstan “Aktobe”sinin heyətində Çempionlar Liqasında üz-üzə gəldiyi rəqib haqda da fikirlərini bildirib: “Aktobe”də oynadığım vaxt Tiflis “Dinamo”su ilə qarşılaşmışıq. Bu matçlar Çempionlar Liqasının təsnifat mərhələsinə təsadüf etmişdi. Hər iki görüşdə qalib gəlsək də, “Dinamo” yaxşı komandadır. Gürcüstan təmsilçisi adı və ənənəsi olan ciddi klubdur. Bildiyimə görə, bir il əvvəlki ilə müqayisədə heyətin təxminən yarısı dəyişib. “Aktobe”nin “Dinamo”nu hansı keyfiyyətlərin sayəsində üstələdiyi haqda danışmaq yersizdir. Bu, bir il əvvəl olub. Hər şey dəyişib. “Aktobe” ayrı komandadır, “Qəbələ” ayrı komanda. Biz öz oyunumuza görə cavabdehik, öz oyunumuza görə danışmalıyıq. Bunu necə bacaracağımızı isə zaman göstərəcək. Heç vaxt qabaqcadan danışmıram”.

Xəbər xətti