Rusiyada da futbolçuların maaşına limit qoyulacaq AKTUAL

12:54 - 12 Avqust 2015

"4-5 milyon avroluq müqavilə bağlayır, ancaq mövsümün çox hissəsini heç meydana çıxmır"

 

Bir çox ölkələrdə futbolçuların böyük pullar qazanması, ancaq bunun qarşılığını verə bilməməsi hallarına tez-tez rast gəlinir. Rusiya Futbol İttifaqı belə halların sayını azaltmaq üçün yeni layihə hazırlayıb. Sportal.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına İcraiyyə Komitəsinin üzvü Sergey Stepaşin məlumat verib:

 

“Artıq 4 aydır ki, bu layihənin üzərində işləyirik. Avropa ölkələrinin təcrübələrini araşdırmışıq. Biz futbolçuların aylıq maaşına limit qoymaq istəyirik, ayına maksimum 2 milyon rubl (indiki kursla - 31 min dollar). Ola bilər ki, müzakirələrdən sonra bu rəqəm dəyişsin. Ancaq maaşlara limit tətbiq etmək mütləqdir. Açığı desək, 3-4 klubu çıxmaq şərtilə, qalanlarının maddi durumu o qədər də, yüksək deyil.

 

Elə futbolçular var ki, 4-5 milyon avroluq müqavilə bağlayır, ancaq mövsümün çox hissəsini heç meydana çıxmır. Biz elə düşünürük ki, maaşlara limit qoyulmalı, əvəzində isə yaxşı mükafat sistemi tətbiq olunmalıdır. Belə olarsa, futbolçular göstərdikləri nəticələrə uyğun pul qazanacaqlar. Təbii ki, müəyyən istisnalar da olacaq. Layihədə aparıcı, səviyyəsi yüksək olan futbolçularla bağlı da bənd olacaq”.

 

Qeyd edək ki, bir müddət əvvəl AFFA da gənc futbolçuların maaşlarına limit tətbiq etmişdi. Premyer Liqada çıxış edən 21 yaşa qədər futbolçu 30, 23 yaşa qədər futbolçu isə illik 50  min manat maaş ala bilər. 

Xəbər xətti