"Bəzi oyunçuların xarakteri ilə bağlı problemi var"
AFFA-nın Texniki Direktoru Bernhard Lippert "Report"a müsahibə verib.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- Bu gün Klublar Komitəsinin iclasında siz də iştirak etdiniz. Toplantıda hansı məsələlər müzakirə olundu?
- Biz məşqçi kursları ilə bağlı söhbət etdik. Klublar maraqlıdırlar ki, onların məşqçiləri daha çox təhsil alsınlar. Biz də onlara bildirmişik ki, bu məsələdə problem yoxdur. Əsas odur, istək var. Növbəlilik prinsipi ilə bütün məşqçilər təhsil alacaqlar. Bundan başqa, aşağı yaş qrupu üzrə keçirilən ölkə çempionatlarında qayda var ki, hansısa klubun 5 oyunçusu milliyə gedirsə, həmin komandanın növbəti görüşü təxirə salınır. İndi klublar həmin sayın azaldılmasını istəyirlər. Ola bilər ki, 5 yox, 3 və ya 4 oyunçu olsun. Eləcə də aşağı yaş qrupu üzrə millinin üzvləri ilə bağlı məsələ müzakirə olundu. Bəzi klublar rəsmi oyunlar olmadığı vaxt futbolçularını milliyə buraxmaq istəmirlər. Məsələn, Yunis Hüseynov Elnur Cəfərovla bağlı narazılığını bildirir. Qeyd edir ki, yoldaşlıq oyunları zamanı futbolçunun klubda qalmasını istəyir. Qərara gəldik ki, bu məsələ ilə bağlı Yunis Hüseynov və U-19-un baş məşqçisi Nazim Süleymanov arasında müzakirə aparılsın. Əsas milli və U-21-lə bağlı ciddi bir problem yaşanmır. Çünki həmin vaxt ölkə çempionatında oyunlar olmur. Ümumilikdə, iclasdan razı qaldıq. Toplantının səmərəli keçdiyini söyləmək olar.
- U-21-in Avstriyaya qarşı keçirdiyi oyunu siz də canlı izlədiniz. 0:7 hesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?
- İlk növbədə, itkiləri qeyd etməliyəm. 4 aparıcı futbolçu meydana çıxmamışdı ki, onların da hamısı hücumameyilli idi. Bundan başqa, onu deməliyəm ki, ilk yarıda komanda pis oynamadı. Yaxşı müdafiə olunurduq. Lakin ikinci yarıda meydanda faciə yaşandı.
- Amma problem tək Avstriya ilə oyunda deyil. Digər oyunlarda da U-21 parlaq çıxışı ilə seçilmir...
- Qrupdakı rəqiblərimizin kimliklərini yaddan çıxarmaq olmaz. Almaniyanın gücü hamıya bəllidi. Avstriya millisi son zamanlar inkişafdadır. Bunları deməklə bəhanə gətirmirəm. Baş məşqçi Yaşar Vahabzadədə də səhv tapmaq fikrində deyiləm. Bəzi oyunçuların xarakteri ilə bağlı problemi var. Amma bütün günahı futbolçuların üstünə də atmaq olmaz.
- Baş məşqçidə problem yoxdur, futbolçular günahkar deyil. Belə çıxır ki, günah bizə 7 qol vuran Avstriyadadır?
- Bu oyun üçün hansısa səbəb gətirmək çətindir. 0:7-dən sonra nəsə demək olmaz. Amma qeyd etməliyəm ki, bu gün U-21-də lider, komandanı öz arxasınca apara biləcək futbolçu yoxdur. Avstriya ilə matçdan sonra futbolçularla görüşdüm, məğlubiyyətin səbəbini soruşdum. Onlar heç bir cavab verə bilmədilər, titrəyirdilər. Futbolçu ilk növbədə şəxsiyyət olmalıdır. Bəzi oyunçular "Qarabağ"da Reynaldo, Riçard Almeyda ilə 10 dəqiqə birgə oynadıqdan sonra özlərini böyük futbolçu sayırlar. Halbuki U-21-də adlarını çəkdiklərim özlərini yaxşı tərəfdən göstərə bilmirlər. Burada məsuliyyəti öz üzərinə götürmək lazımdı. Əvvəl bir qədər vəziyyət fərqli idi. Ağabala Razamanovun İsrailə qarşı necə oynadığını, Andrey Popoviçin hansı şəkildə penalti çıxardığını görmüşəm. İlk növbədə, istək olmalıdır. Bu gün U-21-də oynayanlar güclü futbolçu olmaq istəyirlərsə, xasiyyətlərini dəyişməlidilər. Bütün problemlər bir-birinə bağlıdır.
- Qeyd etdiniz ki, futbolçular Premyer Liqada oynayırlar. Bunun bir səbəbi də AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərardır. Məcburiyyətdən hər komandanın start heyətində 21 yaşadək bir futbolçu meydana çıxmalıdır. Bəlkə həmin qərar ləğv olunsun?
- Bunu emək çətindir. Çünki həmin qaydanı ləğv etsək, U-21-in üzvləri ehtiyatda qalacaqlar. Bu halda isə bəhanə edəcəklər ki, oyun praktikasının yoxluğundan əziyyət çəkirlər.
saytlarin hazirlanmasi