2 futbolçudan geri qalır
Luis Hilario Dodo “Qəbələ”nin Avropa Liqasında yeni bombardiridir.
Sportal.az xəbər verir ki, 28 yaşlı kapitan cari turnirdə artıq 4-cü qolunu vurub. Avrokuboklarda qol hesabını “Panatinaikos”la pley-off mərhələsinin Afinadakı cavab matçında (2:2) dublla açan braziliyalı daha sonra qrup mərhələsi oyunlarında “Krasnodar”ın və “Borussiya”nın qapılarına yol tapıb.
Luis Azərbaycanda “Borussiya”ya qol vuran ilk futbolçu kimi tarixə düşüb. Bunadək “Qarabağ” avrokuboklarda Dortmund klubuyla görüşsə də, Ağdam komandasından heç kim rəqib qapısına yol tapa bilməmişdi.
Dodonun adı Avropa Liqasının bombardirləri siyahısına da düşüb. Turnirin təsnifat mərhələsində vurulan qolları da nəzərə alsaq, kapitan yalnız 2 futbolçudan geri qalır. Siyahıya isə “Qəbələ”nin qrupdakı rəqibi PAOK-un slovakiyalı yarımmüdafiəçisi Robert Mak başçılıq edir - 7 qol. Hilarionun “Fənərbaxça”dakı həmyerlisi Fernandao 5 qolla 2-dir. Dodo kimi hesabında 4 qol olan futbolçular arasında Markus Henrikson (“AZ Alkmaar”), Pavel Mamayev (“Krasnodar”) və Tobias Mikelsenklə (“Rusenborq”) yanaşı, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda da var.
Qeyd edək ki, “Qəbələ”nin əsas kapitanı Cavid Hüseynov bu mövsüm Avropa Liqasında 3 qol vurub. (Qəbələ İK qəzeti)
saytlarin hazirlanmasi