"Yenə milliyə dəvət alacağam"
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova milisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının heyətinə "Kəpəz”dən iki futbolçu dəvət olunub.
Sportal.az xəbər verir ki, Gəncə klubundan Tərlan Quliyev ilə Rəşad Eyyubov baş məşqçi Robert Prosineçkinin etimadını qazananlar arasındadır.
Quliyevlə müqayisədə Rəşad uzun fasilədən sonra yenidən Azərbaycan yığma komandasına çağırılıb. Yarımmüdafiəçi klub saytına açıqlamasında ölkənin bir nömrəli komandasına dəvəti haqda danışıb:
"Sevinirəm ki, yenidən milliyə çağırıldım, yığmada oynamaq hər bir futbolçu üçün şərəfdir. Milliyə tək özümə yox, həm də "Kəpəz” və komanda yoldaşlarıma görə dəvət almışam. Çempionatda uğurlu çıxışımız mənim yığmaya yolumu açıb”.
Rəşad Eyyubov qarşıdakı oyunla bağlı fikirlərini də bölüşüb: "Yoxlama oyunu olsa da, qələbə qazanmağa çalışacağıq. İnanıram ki, hər şey yaxşı olacaq. Baş məşqçinin Moldova ilə oyunda mənə şans verib-verməyəcəyi məşqlərdə özümü necə göstərəcəyimdən asılı olacaq. Düşünürəm ki, bundan sonra da yığmaya dəvət ala bilərəm. Amma gərək ilk növbədə "Kəpəz”də özümü yaxşı göstərəm. Əgər klubda yaxşı oynasam, yəqin ki yenə milliyə dəvət alacağam”.