Nəzarət də güclü olaca
"Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-u ilə keçirəcəyi V tur oyununda dövlət səviyyəsində təhlükəsizlik tədbirləri görüləcək.
Sportal.az xəbər verir ki, klubun meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında bu barədə PAOK rəhbərliyinin "qırmızı-qaralar"ı məlumatlandırdığını bildirib.
Onun sözlərinə görə, kütləvi əhəmiyyət daşıdığından, Saloniki şəhərində baş tutacaq görüşə nəzarət də güclü olacaq.
Klub rəsmisi komandanın Yunanıstana səfər proqramını da açıqlayıb. Noyabrın 21-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" iki gün sonra Qəbələdə PAOK-la oyunun hazırlıqlarına start verəcək. Komanda noyabrın 25-də doğma şəhərdən çarter reysi ilə oyunun keçiriləcəyi Saloniki şəhərinə yola düşəcək.
"Sumqayıt"la görüşdə hücumçu Sergey Zenyovla qapıçı Dmitri Bezotosnı forma geyinməyəcək. Onların Avroliqa oyununda meydana çıxıb-çıxmayacağı isə bilinmir. Əvəzində digər zədəlilər Ruslan Abışov, Fakundo Pereyra və Ermin Zets artıq komandayla məşqlərə qoşulub. Bu oyunçuların da nə vaxt meydana çıxacağı məlum deyil. PAOK-un "Qəbələ"də icarə əsasında çıxış edən futbolçusu Pereyranın iki klub arasındakı razılaşmaya əsasən, Yunanıstanda meydana çıxmayacağı dəqiqdir.
Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı noyabrın 26-da yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 27 noyabr saat 00:05-də) başlanacaq.
saytlarin hazirlanmasi