"Düşünürəm ki, yenə milliyə çağırıla bilərəm"

15:56 - 20 Noyabr 2015

"Millinin heyətinə düşmək sevindirici idi"

 

“Kəpəz”in əvəzedici heyətinin üzvü Əli Səmədovun 19 yaşlılardan ibarət yığma komandanın təlim-məşq toplanışında və  Avropa Çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməsi haqda xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, klub saytına açıqlama verən gənc futbolçu ilk olaraq yığmaya dəvət alması haqda danışıb: “Yığmaya çağırılacağımı gözləyirdim, çünki məşqçilərin mənimlə maraqlanmasını bilirdim. Toplanış normal keçdi. Bir həftə boyunca “Dalğa Arena”da məşq etdik. Yoxlanışa 24 futbolçu çağırılmışdı, seçim aparılırdı. Millinin heyətinə düşmək sevindirici idi”. 

 

19 yaşlılardan ibarət futbolçularımız Bakıda keçirilən qitə birinciliyinin oyunlarında Ukrayna, Türkiyə, Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıblar. Əli Səmədov Ukraynaya qarşı matçda sonradan meydana daxil olub. Digər iki görüşdə isə əsas heyətdə yer alıb: “İlk oyunda əsas heyətdə meydana çıxmadım, yalnız görüşün sonlarında oynamaq imkanı əldə etdim. İkinci matçda isə baş məşqçimiz Nazim Süleymanov ilk dəqiqələrdən oynamaq imkanı yaratdı. Yəqin ki, özümü doğrultduğum üçün üçüncü görüşdə də əsas heyətdə oyuna başladım. Mənə şans verildiyi üçün məşqçilərə minnətdaram. Hər bir futbolçunun arzusu yığma komandaya dəvət almaqdı. Düşünürəm ki, yenə milliyə çağırıla bilərəm”.

 

Onu da qeyd edək ki, Əli Səmədov daha əvvəllər aşağı yaş qrupları üzrə ölkə yığmalarına cəlb olunsa da, ilk dəfə U-19-a çağırılıb. 

Xəbər xətti