Şahin Diniyev: "Oyun 1-1 hesabı ilə də bitə bilərdi"

22:52 - 21 Noyabr 2015

"Uşaq səhvlərindən qollar buraxdıq"

 

“Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin  bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Qarabağ"a 0 - 3 hesablı məğlubiyyətlə başa çatan matçdan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib.

 

Təcrübəli mütəxəssis daha sonra fikirlərinə belə davam edib: "İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa “Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar.  İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1-1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. “Qarabağ” bizim top komandamızdır, səhvləri bağışlamır. “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk  hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə  sərgilədiyimiz futbol xoşumuza gəldi”.

Xəbər xətti