"Kəpəz"in futbolçusu: "Xeyli müddət idi ki, oynamırdım"

15:05 - 26 Noyabr 2015

“Sabahkı oyun bizim üçün çox önəmlidir”

 

Azərbaycan Premyer Liqasının XIV turunda “Kəpəz” Gəncədə “İnter”i qəbul edəcək. “Sarı-göylər” qarşıdakı oyuna ciddi hazırlaşıblar və heyətdəki futbolçular matçın əhəmiyyətini yaxşı başa düşürlər.

 

Sportal.az xəbər verir ki, bunu klubun rəsmi saytına açıqlamasında komandamızın futbolçusu Tural Nərimanov da təsdiqləyib: “Ötən tur xal itirdik, ona görə çalışacağıq ki, qarşıdakı oyunda bunu sığortalayaq. Qələbə turnir cədvəlində yerimizi yaxşılaşdıra bilər. Daha üst pillələrə çıxa bilərik. Sabahkı oyun bizim üçün çox önəmlidir. Nəyin bahasına olur-olsun qələbə qazanmalıyıq. İnanıram ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik”.

 

Premyer Liqanın XIII turunda “Qarabağ”a qarşı görüşdə müdafiəçi start heyətində oyuna başlamış və əvəzedilmədən sona kimi oynamışdı. Nərimanov “İnter” ilə görüşdə də məşqçilər korpusundan şans gözləyir: “Sonuncu matçımızda baş məşqçimiz mənə oynamaq şansı verdi. Xeyli müddət idi ki, oynamırdım. Şahin Diniyev yenə şans versə, meydanda əlimdən gələni edəcəyəm ki, komandamız qalib gəlsin. Əslində kimin oynamasının fərqi yoxdur, əsas olan qələbə qazanmaqdı”.   

 

Tural Nərimanov klub saytı vasitəsi ilə azarkeşlərə də səslənib: “Gəncədə keçirdiyimiz ev oyunlarında tribunalar demək olar ki, dolu olur. Azarkeşlər bizi lazımınca dəstəkləyirlər. Düşünürəm ki, “İnter” ilə oyunda da belə olacaq. “Kəpəz”i görüşün sonuna kimi dəstəkləyəcəklər. Fanatlar komandanı qələbəyə ruhlandırırlar, gücümüzə güc qatırlar".

Xəbər xətti