"Futbolçular pul qazanmaq üçün yeganə yerin legioner həyatı yaşamaq olduğunu anlamalıdılar"
2010-cu ildən dünyanı bürümüş iqtisadi böhran axır Azərbaycanı da haqladı. Ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyutamız - manat ikiqat ucuzlaşdı. İndi ABŞ dolları kursuna olan məzənnə 1.60 civarında qiymətləndirilir ki, onu da yalnız yuxuda görmək olar. Əslində, bu proses çoxdan getməli idi. Amma dünya birjalarında neftin qiyməti büdcədə göstərildiyindən artıq olduğundan, əlavə gəliri dolların kursunun sabit saxlanmasına yönəltməyə imkan verirdi. İndi isə neftin barrelinin əvvəlki illərlə müqayisədə demək olar ki 4 (!) dəfə ucuzlaşması vəziyyəti kritikləşdirib. İş o həddə çatıb ki, hökumət büdcə məsələlərinə yenidən baxmağı düşünür.
Elə bu dəfəki yazımı da büdcəyə həsr etmişəm. Sözsüz ki, yaşadığımız son il klubların da vəziyyətinə təsirsiz ötüşməyəcək. Və tək klublarımızın yox. Elə klublarımızda çıxış edən futbolçuların da. Əslində, vəziyyət necə olacaq.
Vəziyyət 1. Klublar. Klublar mövsüm başlayarkən büdcə formalaşdırırlar. Və həmin X büdcəsinə əsasən maliyyənin bir qismi transferlərə, bir qismi oyunçuların əmək haqlarına və mükafatlara, bir qismi təlim-məşq toplanışlarına və komandanın səfər oyunlarına, kommunal xərclərə və digər məsrəflərə bölünür. Tutaq ki, hər hansı klub mövsümün əvvəlində 5 milyon manatlıq büdcə ayırıb. Bu da elə həmin mövsüm əvvəlində 4 milyon 750 min dollardan artıq edirdi. Əminliklə söyləyə bilərəm ki, Premyer Liqada iştirak edən 10 klubumuzun hamısının həmin məbləğdə büdcəsi olsaydı, mübaliğəsiz çempionatımızın rəqabətədavamlı olacağını söyləmək mümkün idi. Bir şərtlə ki, həmin vəsaitin xərclənməsində faydalı iş əmsalı maksimum olsun. Bunun necə olub-olmadığına toxunmaq istəmirəm. Sadəcə, fakt odur ki, devalvasiya baş verdi və əvvəldə nəzərdə tutulmuş 5 milyon manat indi heç 3,2 milyon dollar da eləmir. Bu isə mövsümün əvvəlində nəzərdə tutulmuş büdcənin dollar ekvivalentinin 1/3-nin kəsiri deməkdir. Nəticədə hansı mənzərə yaranır? Büdcədə nəyə qənaət etmək lazım gəlir?
1) Transferlər. Vəziyyətin belə davam edəcəyi halda bu yay ciddi transferlərin baş tutacağına inanmaq ağılsızlıqdı. Söhbət legionerlərin dəvət olunmasından gedir. O ki qaldı yerli kalibrli oyunçulara... Bu barədə devalvasiyanın onlara təsiri bölməsində oxuyun.
2) Əmək haqları və mükafatı da futbolçular güzəranında açıqlamağa çalışacağam.
3) Təlim-məşq toplanışları. Hə, bax, burada vəziyyət qəlizləşir. Əgər 1-2 il bundan əvvələ kimi hətta I Divizionun da daxil olduğu klublar “qonşudan qalma dala" prinsipi ilə bir-birinin bəhsinə təlim-məşq toplantıları üçün daha dəbdəbəli-samballı yerləri seçirdilərsə, indi mənzərə fərqlidir. Klublar nəinki coğrafiyanı daraldıblar, onlar arasında ölkəni tərk etməyənlər də yox deyil. Mətbuata sızdırılan informasiyaya görə oyunçuların məşqə gəlmək üçün pul tapmadığı klublar da var. Bir sözlə, büdcə kəsmək üçün təlim-məşq toplanışlarının ləğvi optimal sayıla bilər. Halbuki, bunun yekunda nəticəyə necə təsir edəcəyini proqnozlaşdırmaq elə də çətin deyil.
4) Komandaların səfər oyunları. Əgər əvvəllər klublar səfər oyunlarına 1 gün əvvəldən yollanırdılarsa, oyunun keçiriləcəyi stadionda məşq edirdilərsə, gecəni rahat otellərdə qalıb əla qidalanırdılarsa, bir sözlə, bütün diqqətlərini qarşıdakı oyuna cəmləyə bilirdilərsə, istisna edilmir ki, bunların əksəriyyəti də olmayacaq. Komanda səhər tezdən avtobusa minib oyuna gedəcək, qarşılaşmadan sonra isə, yorğun-arğın eyni məsafəni geri qayıdacaq. Təsəvvür edin ki, “Xəzər Lənkəran” - “Kəpəz” (adlar şərtidir) oyunu üçün qonaqlar bir neçə yüz kilometr yolu bir, o qədərini də əks istiqamətdə qət edir. Bundan sonra oyunçunun bərpa prosesinin necə keçəcəyini də təsəvvür etmək çətin deyil.
5) Kommunal xərclər. Bu məsələdə də hələ vəziyyət naməlumdur. Düzdür, bu xidmətlərin qiyməti qaldırılmayıb. Amma mətbuatın yazdığı kimi ötən mövsüm “Bakı" klubunun bazasında baş vermiş son vəziyyət (enerji borcunun ödənilməməsinə görə işıqların kəsilməsi, qarşılaşmalardan sonra yuyunmaq üçün su tapılmaması...) digər klublara da siraət edə bilər. Onda necə olacağını... Bax, bunu təəvvür etmək çox çətindir.
Bütün bunları analiz edərək klubların yaranmış vəziyyətdən çıxış yollarını tapmasına yardımçı olmaq istərdik. Amma necə? Əvvəla klubların gəlirinin necə formalaşdığına baxaq. Bilet və atributika satışı, sponsorların yarımı, TV yayım hüququndan, reklamdan əldə olunan gəlirlər və əlbəttə ki, oyunçuların yetişdirilib transfer edilməsi. Bilet, TV yayım hüququ, reklam və atributikadan əldə olunan gəlir demək olar ki, yox səviyyəsindədir. Əlbəttə, bəzi istinalar var. Məsələn, bu il Avropa Liqasının qrupuna çıxmış “Qəbələ", ələlxüsus “Qarabağ" TV yayım və iştirakdan az-maz da olsa büdcəsinə vəsait əlavə edib. O ki qaldı uşaq futbol məktəbinin yetirmələrinin satılması... Bu barədə tarix susur və belə getsə, çox susacaq. Yeri gəlmişkən, klubların büdcəsindən yazarkən uşaq futboluna ayrılmalı olan payı qeyd etməmişdim. Bu da əlavə xərc.
Yaranmış iqtisadi vəziyyətlə bağlı klubların durumundan danışdıq. Bəs futbloçuların məsələsində necə olacaq? İndi bundan danışaq.
Vəziyyət 1. Futbolçular. Onları da iki hissəyə bölmək lazımdır. Legioner və yerli. Əvvəlcə legionerlərdən danışaq. Heç şübhəsiz, onların böyük əksəriyyəti yayda ölkəmizi tərk edəcəklər. Çünki heç kimə sirr deyil ki, gəlmələrin maqavilələrində məvacib manatla yox ABŞ dolları ilə göstərilib. Bu isə o deməkdir ki, komandalar həmin oyunçuların məvacibi üçün büdcədə nəzərdə tutduqları vəsaitdən demək olar ki, 50 faiz çox xərc çəkməlidirlər. Misal üçün, inanmıram ki, “Qarabağ"un ulduzları Reynaldo və Almeydanın birlikdə illik məvacibi 1 milyon dollardan aşağı olsun. Bu isə o deməkdir ki, devalvasiyadan əvvəl və sonra klub 500 min manatdan artıq ziyana düşəcək. Onların qalacağı da mümkündür. Daha iki variantda. Heç bir münasib təklif olmasa. Və sözsüz ki, daha aşağı məbləğli müqavilə şərtləri ilə. Digər tərəfdən daha yuxarı məbləğə oynamış futbolçunun komandası ilə aşağı məbləğə müqavilə yeniləyəcəyi halda can-başla oynayacağı da inandırıcı görünmür.
Yerli futbolçuları da 2 hissəyə bölmək lazımdır - komandaların axtardığı futbolçular və komanda axtaranlar. Birincilərə tələbat böyük olduğundan çox yəqin onların müqavilələrində də məbləğ manatla deyil. Belə olan halda bu yay o futbolçuların müqavilələrinə də yenidən baxılacaq. Nəzərə alsaq ki, həmin oyunçuların əksəriyyəti çempionatın maddi “qaymaq”larında cəmləşib və digər klubların daha sərfəli təklifə imkanları olmayacaq, onda məbləğin azalması labüddür.
Yerli futbolçuların ikinci hissəsində vəziyyət konkretdir. Müqavilədə göstərilən məbləğ manatladır və oyunçular məvacibi vaxtında almaq üçün oynamaqdan əlavə Allaha dua və şükür edirlər. Düzdür, elələri var ki, aşağını bəyənmir, yuxarıda da yeri yoxdur. Və hətta son 9 mövsümdə adı 10 (!) klubda olanlar da var. Düşünürəm ki, belə futbolçular üçün oyun təcrübəsi anlayışı heç də əsas deyil.
Bəs çıxış yolu nədədir? Variantın biri o ola bilər ki, klublar büdcələrini artırsınlar. Yəni, necə deyərlər üzən büdcəyə keçsinlər. Bu real görünmür. Çünki, yenə götürək elə “Qarabağ" misalını. Klubun baş sponsoru, insafən neçə illərdir kollektivə vəsaitindən əlavə ürəyini, canını da qoymuş “Azərsun Holdinq" hazırkı vəziyyətdə ziyana işlədiyini dəfələrlə etiraf edib. Belə olan halda ən imkanlı klubumuzun bu addıma gedəcəyi real görünmür. Bəlkə dövlət dəstəyi? Azərbaycanda 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı ötən il başa çatdı. Nəticəsi kimi klublarımızın qitədə uğurlu çıxışını göstərmək olar. Əlbəttə, digər uğur hər klubun ev oyunlarını öz stadionunda keçirilməsidir. Yəni, dövlətin dəstək rıçaqları yetərincə yardımçı olub. İndiki böhranda bundan artıq nə etməlidir? Bəs necə?
Məncə, yeganə çıxış yolu kimi ümumi baxış prizmasını dəyişmək lazımdır. I Diviziona nəzər yetirək. Bəlkə orada o qədər perspektivli oyunçu var ki? Niyə onlardan istifadə edilməsin? Bəlkə onlar arasında Premyer Liqanın aparıcı da olmasa, ortabab klublarının əsas heyətinə düşərək komandanı gücləndirə biləcəklər gənclər var? Bu gedişlə biz Premyer Liqanın səviyyəsini aşağı salmayacağıq. Əksinə, I Divizionu populyarlaşdıracağıq. Futbolçular da orada çıxış edərkən özlərini itmiş hesab etməyəcəklər. Əksinə, bunu, geriyə dönüşə şans kimi qiymətləndirəcəklər.
Daha bir vacib məqam - futbolçular pul qazanmaq üçün yeganə yerin legioner həyatı yaşamaq olduğunu anlamalıdılar. Bir ara AFFA klublara gənc oyunçular üçün məvacib limiti qoymuşdu. Deyəsən, o limit hələ də var. Bundan sonra həmin limitə gərək olmayacaq. Çünki klubların o vəsaiti ödəməyə imkanı çatmayacaq. Düşünürəm ki, keçid dövrü üçün 2-3 il bəs edəcək. U-17 və U-19 yaşlı komandalardakı oyunçuları da ən azı əvəzedicilərə cəlb etmək, əsas komanda ilə məşqlərə çağırmaq lazımdır. İlk il heyətin formalaşması, ikinci il xətlərarası əlaqələrin qurulması, 3-cü il isə nəticəyə hesablanmış kollektiv oyun görəcəksiniz. Özü də necə, 22-23 yaşlı futbolçulardan ibarət. Düzdür, qitədə nəticələrimiz olmayacaq, bəlkə də fiaskoya uğrayacağıq. Amma nə etmək olar. Başqa çıxış yolumuz yoxdur. Hər halda mən görmürəm.
Asif BAĞIROV
“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi