Almaniyanın ən aşağı liqası hesab edilən C Liqasında mübarizə aparan "SV Vonderort" klubunun ikinci komandası son turun qarşılaşmasında qapısında 43 qol görüb.
Sportal.az xəbər verir ki, qolların hamısını buraxan qapıçı Marko komandanın son məşqi zamanı polislər tərəfindən həbs olunub. "PSV Oberhauzen"lə matçda 2 dəqiqədən bir qol buraxan qolkiper mətbuatın böyük diqqət göstərdiyi məşqdə çalışarkən klubun bazasına 2 polis maşını gəlib.
Polislər qapıçıya yaxınlaşaraq onunla söhbət edib. Bundan sonra 25 yaşlı "əlcək sahibi" soyunub-geyinmə otağına gedib, 5 dəqiqə sonra isə polislərlə birlikdə bazanı tərk edib. Marko, gedərkən jurnalistlərə "Bir mövzunu aydınlaşdırmaq üçün polis idarəsinə gedirəm" deyə açıqlama verib.
Bundan sonra qapıçı ilə əlaqə saxlamaq mümkün olmayıb. Telefonu sönülü olduğu üçün klub rəsmiləri də onunla əlaqə saxlaya bilməyib. Hüquq-mühafizə orqanları da bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Qolkiperin 43 qol buraxdığı matçla bağlı həbs olunduğu iddia edilir.
saytlarin hazirlanmasi