KOMANDA O VAXT DA ŞURANIN GÜDAZINA GETMİŞDİ
“Neftçi yenə uduzdu". Hər dəfə bu sözləri eşidəndə Anarın ssenari müəllifi, Ramiz Həsənoğlunun rejissoru olduğu və 1982-ci ildə lentə alınmış “Eləri köndələn yar" film-tamaşası, həmin film-tamaşanın elçilik səhnəsi, həmin səhnədə mərhum aktyorumuz Siyavuş Aslanın “Neftçi yenə uduzdu" deməsi yadıma düşür. “Neftçi” yenə uduzdu. Bu dəfə Topaz Premyer Liqasının 8-ci turunda “Zirə"yə. 8 turda 6 məğlubiyyət. “Neftçi"nin sonuncu dəfə bu qədər zəif çıxış etməsi yadımda deyil. Hətta SSRİ çempionatları tarixində də.
“Neftçi"nin uzun illər SSRİ çempionatında oynamasına rəğmən hansısa ciddi uğurunun olmadığını bilirik. Komanda yalnız 1966-cı ildə bürünc medalları qazanıb. Bir il sonra isə 5-ci yeri tutub. Ümumiyyətlə, “ağ-qaralar" sovet dövründəki ən yaxşı nəticələrini elə ötən əsrin 60-cı illərinin sonlarında göstəriblər. 70-ci illər klubun tarixində ən uğursuz dönəm sayıla bilər. Çünki həmin dövrün demək olar ki, yarısını komanda I Dəstədə keçirib. Belə ki, 1972-ci ildə aşağı eşalona yuvarlanan “ağ-qaralar" bir də 4 ildən sonra eltaya qayıda bilib. 80-cı illər xüsusi ilə yaddaqalan olub. Çünki komanda bu illərdə elita ilə vidalaşıb və bir daha geri qayıda bilməyib. Qayıtması mümkün də deyildi. Çünki SSRİ artıq dağılmışdı. Bir sözlə, “Neftçi" SSRİ çempionatındakı çıxışlarını yüksək liqada yox, I Dəstədə bitirib və ittifaqın futbol tarixində də bu cür yadda qalıb. Həmin fiasko isə 1988-ci ildə baş verib. Məhz həmin il “Neftçi"nin tarixinə qara səhifə kimi düşüb.
Dağlıq Qarabağ amili
Əslində, həmin il futboldakı problemlər respublikada çoxlarına maraqlı deyildi. Çünki Dağlıq Qaradağ münaqişəsi başlamışdı. Ümumiyyətlə, 1988-ci il bizim üçün uğursuz il kimi yadda qalıb. İlk növbədə ona görə ki, mənfur düşmənlərimiz Dağlıq Qarabağla bağlı mənasız iddialarını ortaya atdılar. Ermənilər tarixi Azərbaycan torpaqlarına göz tikərək, ərazi iddiası ilə çıxış etməyə başladılar. Böyük qardaşları Rusiya da bu məsələdə onlara dəstək oldu. Bütün bu proseslər futboldan yan keçə bilməzdi. Çünki bütün SSRİ-nin diqqəti bir anda Qarabağa yönəlmişdi. Bu qarmaqarışıqda “Neftçi"nin yeni mövsümə yaxşı hazırlaşması mümkün deyildi. Məhz bu səbəbdən komanda yeni mövsüm öncəsi düz-əməlli təlim-məşq toplanışı keçə bilmədi. Həmin ərəfədə Dağlıq Qarabağda döyüşlərin, Bakıda SSRİ əleyhinə mitinqlərin başlaması SSRİ Futbol Federasiyasının da əlinə yaxşı fürsət verdi. Sanki bakılıları vurmaq üçün imkan axtaran federasiya ölkədəki durumu bəhanə edərək “Neftçi"nin birinci dövrəyə təsadüf edəcək ev oyunlarının səfərdə keçirilməsinə qərar verdi. “Neftçi" onsuz da səfər oyunlarında zəif çıxış etdiyini nəzərə alsaq, bu qərarın qəbul olunması komanda üçün böyük zərbə oldu. Üstəlik, heyətdə ciddi itkilər var idi. Komandanın əsas qapıçısı Aleksandr Jidkov əfsanəvi Valeri Lobanovskinin təklifini qəbul edib Kiyev “Dinamo"suna keçmişdi. Yaşar Vahabzadə və Mehman Allahverdiyev isə ağır zədə aldıqları üçün demək olar ki, mövsümün sonuna qədər oynamayacaqdılar...
Mircavadovun müəmmalı gedişi
Çempionatın start götürməsi ilə “Neftçi"nin də qara günləri başladı. Onsuz da ölkədə baş verənlər futbolçulara tam olaraq oyuna köklənməyə imkan vermirdi. Baş məşqçi Ağasəlim Mircavadov üçün bu vəziyyətdə işləmək çox çətin idi. Təsəvvür edin, komanda bir dövrə bütövlükdə səfərdə oynamalı idi. SSRİ nəhəng dövlətin başı ilə ayağı bilinmirdi. Futbolçuların zamanının çoxu təyyarədə keçirdi ki, saysız uçuşlar onları haldan salırdı.
Nəticədə birinci dövrə gözlənildiyi kimi, çox uğursuz yekunlaşdı. Fasilə zamanı isə o vaxt Azərbaycan SSRİ Futbol Federasiyasına rəhbərlik edən Fətulla Hüseynov “İdman" qəzetində müsahibəsində azarkeşləri səbrli olmağa səslədi və bildirdi ki, komanda ikinci dövrədə vəziyyəti düzəldərək Güclülər Dəstəsində qalacaq. Eyni zamanda komandanın baş məşqçisi Ağasəlim Mircavadov da həmin nəşrə müsahibəsində azarkeşlər söz vermişdi ki, komandanı elitada saxlayacaq. Lakin ikinci dövrədə komandanın işini ağırlaşdıran daha bir hadisə baş verdi. Belə ki, “Neftçi"nin iki aparıcı futbolçusu - Yunis Hüseynovla İqor Ponomaryov SSRİ olimpiya yığmasının heyətində Pekində beynəlxalq turnirdə iştirak edərkən ciddi zədə aldılar və bir neçə tur komandaya kömək edə bilmədilər. Bununla belə, gələcəyə nikbin baxmağa əsas var idi. Çünki “ağ-qaralar" son 9 turun 8-də rəqiblərini evdə qəbul edəcəkdilər. Bu isə elitada qalmaq baxımından əla şans idi. Mircavadov da məhz bu məqama arxayın olaraq, komandanı Güclülər Dəstəsində saxlayacağına söz vermişdi. Amma...
Anidən gözlənilməz hadisələr baş verdi. Öncə Ağasəlim Mircavadov müəmmalı şəkildə komandadan göndərildi. Bunu da ictimaiyyətə “səhhəti ilə əlaqədar olaraq könüllü istefa" kimi təqdim etdilər. Halbuki Mircavadovun səhhətində heç bir problem yox idi. Bu şəxsin müstəqillik dönəmində baş məşqçi kimi qazandığı uğurlardan xəbərimiz var və bu gün də çox rahat şəkildə Məşqçilər Şurasında fəaliyyət göstərir. Belə bir adamın 1988-ci ildə səhhətində ciddi problemin olması yalan idi. Sonradan Mircavadov öz xatirələrində həmin dövrü belə yada salmışdı: “Birinci dövrədə əsas oyunarımızı səfərdə keçirdiyimizdən xal itkilərimiz çox olmuşdu. Lakin ikinci dövrədəki oyunların böyük əksəriyyətini Bakıda keçirəcəyimizdən rəhbərliyə söz vermişdim ki, həmin oyunları udub Güclülər Dəstəsində qalacağıq. Futbolçular da bu məsələdə məni dəstəkləyirdilər. Lakin gözlənilmədən heç bir səbəb göstərmədən məni vəzifəmdən azad etdilər".
İlk şura
Hadisələr elə ani baş verdi ki, komandaya kimin rəhbərlik edəcəyi bilinmirdi. Çünki qısa zamanda layiqli məşqçi tapmaq çətin idi. Vəziyyəti belə görən rəhbərlik komandanı müvəqqəti olaraq Rəşid Özbəyova tapşırdı. Halbuki bunun özü də anlaşılan deyildi. Çünki Özbəyov futbolçu karyerasını yeni başa vurmuşdu və onun komandanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün təcrübəsi yox idi. Hamı gözləyirdi ki, tezliklə komandaya yeni, daha təcrübəli baş məşqçi gətiriləcək. Lakin “Neftçi"nin o vaxtkı rəhbərliyi gözlənilmədən Məşqçilər Şurası yaradıb komandanı da həmin şuraya tapşırdılr. Nə qədər qəribə görünsə də, sanki bir növ indiki “Neftçi"nin durumuna bənzər bir vəziyyət idi. Təbii ki, belə ağır vaxtda, hər şeyin liderin həll etməsinin vacib olduğu dövrdə komandanın bir neçə məşqçiyə tapşırılması vəziyyəti daha da pisləşdirdi.
Kuznetsov gəlişi və qaçılmaz olan
1-ci dəstə
Vəziyyət get-gedə pisləşirdi, rəhbərlik bu durumda lap başını itirmişdi. Bir qədər sonra şuradan bir şey çıxmayacağını anlayan rəhbərlik bundan imtina etməyə qərar verdi. Halbuki, şuranın dövründə bir sıra vacib oyunlarda vacib xalların itirilməsi “Neftçi"ni daha da geri atmışdı. Hər halda, rəhbərlik Bakıya zəng vurub komandanın sabiq liderlərindən olmuş Yuri Kuznetsovu təcili Bakıya çağırdı və baş məşqçi postunu ona həvalə etdi. Onun “Neftçi"yə gəlişi birbaşa Ələkbər Məmmədovun təklifi və istəyi ilə baş tutmuşdu. Hər ikisi uzun müddət komanda yoldaşı olmuşdular və aralarında dostluq münasibətləri var idi. Bunun özü də yalnış addım idi. Çünki Kuznetsovun peşəkar komandalarda işləmək baxımından heç bir təcrübəsi yox idi. Buna görə də onun gəlişindən sonra “Neftçi"də “özbaşınalıq" yarandı. Futbolçular məşqlərə məsuliyyətsiz yanaşmağa, rejimi pozmağa başladılar. Komandada əsl anarxiya idi. Məsələn, sona 3 tur qalmış komandanın liderlərindən olan İsgəndər Cavadov köməkçi məşqçi Rəşid Özbəyovla mübahsə edərək komandadan getdi. Artıq ölkədə imperiyaya qarşı etiraz dalğası güclənmişdi, insanlara mitinqlər keçirmək üçün küçələrə axışırdılar. Belə vəziyyətdə futbol onlar üçün Allah bilir neçənci plana keçmişdi. Baş verənlərin fonunda ev oyunlarını da boş tribunalar önündə keçirən “Neftçi" mövsümün sonunda I Dəstəyə düşməkdən qurtula bilmədi. Çempionat bitər-bitməz Kuznetsov yenidən Moskvaya qayıtdı. Bir çox aparıcı futbolçular komandanı tərk etdilər. Onlardan biri, Iqor Ponomaryov ölkəni birdəfəlik tərk edib İsveçə, “Norçöpinq"lə müqavilə bağlamağa getdi.
Novruz Əzimov: “...“Neftçi"nin varlığını istəmirdilər"
Mövzu ilə bağlı 1988-ci ildə “Neftçi"nin heyətində oynamış bir neçə futbolçu ilə söhbət etdik. Onların hamısı “Neftçi"nin I Dəstəyə düşməsinin əsas səbəblərini yazıda göstərildiyi kimi, respublikada ictimai-siyasi vəziyyətin gərginləşməsində, “Neftçi"nin ilk dövrənin ardıcıl bir neçə oyununu səfərdə keçirməsində, futbola rəhbərlik edən şəxslərin komandaya qarşı laqeyid münasibətində görürdülər. Məsələn, Arif Əsədovun sözlərinə görə “Neftçi”nin yüksək dəstəni tərk etməsi səbəblərindən komandaya qarşı olan biganəlik idi: “O vaxt mən gənc idim. Komandada daxilində və kənarda baş verən hadisələrdən ətraflı xəbər tuta bilmirdim. Amma bildiyim bu idi ki, rəhbərlik “Neftçi"yə yaxşı baxmırdı. Komanda daxilində vəziyyət elə də ürəkaçan deyildi. Rəhbərliyin biganəliyi, ardıcıl məğlubiyyətlər futbolçuları ruhdan salmışdı. Ağasəlim müəllimin komandadan uzaqlaşdırılması sırf nəticəsizliyə görə idi. Kuznetsovun gəlişindən sonra gənc futbolçular daha çox oynamaq şansı qazandılar. Başqa sözlə, gənc futbolçulara özlərini göstərməyə imkan verildi. Amma vəziyyəti düzəltməyə gücümüz çatmadı". Arif müəllimdən “rəhbərliyin komandaya baxmaması" fikrinə aydınlıq gətirməyini istədik. Məlum oldu ki, futbola cavabdeh şəxslər komandanın vəziyyəti ilə az və könülsüz maraqlanırdılar: “Axır vaxtlar komanda demək olar ki, yiyəsiz qalmışdı. Əlbəttə, pul söhbəti də var idi. O vaxt yaşlı futbolçular 2-3 yerdən maaş alırdılar. Buna öz aramızda DP (dopolnitelnaya plata (əlavə ödəniş) - red.) deyirdik. Bildiyim qədər, bəzi futbolçuların DP-ləri kəsilmişdi. Maaşlar gecikirdi. Bu da futbolçuların oyununa mənfi mənada təsir göstərirdi".
O vaxt komandanın əsas heyət üzvlərindən biri Novruz Əzimov idi. Novruz müəllimin fikirlərinə yer ayırmamışdan əvvəl onunla bağlı maraqlı bir faktı qeyd edək. 1988-ci il mövsümünün son turunda Kiyev “Dinamo”su ilə oyunda “Neftçi”nin son qolununun müəllifi məhz Novruz Əzimov olub. Bu, həm də “Neftçi”inin SSRİ çempionatları tarixində yüksək dəstədə vurduğu sonuncu qol idi. Mövzuya qayıdaq, Novruz müəllim komandada baş verənləri zəif idarəçiliklə əlaqələndirdi: “Komanda 1987-ci ildə 9-cu yeri tutmuşdu. Gözləmək olardı ki, növbəti mövsüm bu nəticə daha da yaxşılaşacaq. 1988-ci il mövsümündə Dağlıq Qarabağ hadisələri ilə bağlı Bakıda oynamağa icazə vermədilər. Ardıcıl məğlubiyyətlər Ağasəlim müəllimin komandadan kənarlaşdırılması ilə nəticələndi. Hətta səhv etmirəmsə, ona töhmət də vermişdilər. Düzünü deyim, futbola cavabdeh olan şəxslər elə bil “Neftçi"nin varlığını istəmirdilər, futbola qarşı idilər. Düzdür, əvvəlki illə müqayisədə heyətdə itkilər var idi. Mustafa Bilalov və Aleksandr Jidkov kimi təcrübəli futbolçuların komandanı tərk etməsi böyük zərbə idi. Üstəlik, ardıcıl səfər oyunları... Kuznetsovun gəlişindən sonra riyazi baxımdan komanda qalan oyunlarda qalib gəlməklə yüksək dəstədəki yerini qoruya bilərdi. Amma iş işdən keçmişdi. Yarıtmaz idarəçilik buna imkan vermədi. Mövsümboyu komanda daxilində narazılıqlar, özbaşınalıqlar artmışdı. Bunları yığıb-yığışdıran tapılmadı. Nəticəsi hamıya məlumdur".
“Neftçi”nin 1988-ci ildə SSRİ çempionatında I Dəstəyə yuvarlanmasından bəhs etdik. İndiki komanda həm nəticə, həm də klub daxilində baş v erən hadisələrə görə 28 il əvvəlki “Neftçi”ni xatırladır. Bu minvalla davam etsə, “Neftçi” yenə “yıxılacaq”. 28 il əvvəl olduğu kimi.
Anar XANLAROV
“Het-trik news" qəzeti