Türkiyənin "Trabzonspor" klubu ilə imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün FİFA tərəfindən 4 ay müddətində futboldan uzaqlaşdırılan Türkiyə millisinin və "Bayer"in (Leverkuzen) üzvü Hakan Çalhanoğlu cəza ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir, yarımmüdafiəçi "Trabzonspor"la imzalanan müqavilədə atasının səhvi olduğunu deyib:
"17 yaşımda "Karlsrue"nin gənclərdən ibarət komandasında oynayırdım. Həmin vaxt atam Darmştadt şəhərində "Trabzonspor" rəsmiləri ilə görüşüb, müqaviləm barədə razılığa gəlmişdi. Biz elə böyümüşük ki, atanın sözündən heç vaxt çıxa bilmərik. Ataya hörmək edirik və onun sözlərinə əməl edirik. Həmin vaxt fikrimdə futboldan başqa bir şey yox idi. Atam evə gəldi və "Hakan, bu müqaviləni imzalamalısan dedi". Atam böyük bir səhv etdiyini bilir və çox üzgündü. O, bundan sonra da mənim atam olaraq qalacaq, amma heç vaxt karyerama müdaxilə edə bilməyəcək".
Qeyd edək ki, “Trabzonspor” oyunçunun cəzalandırılması üçün 2013-cü ildə FİFA-ya müraciət etmişdi. Belə ki, Hakan Çalhanoğlu 2011-ci ildə Qara dəniz klubu ilə müqavilə imzalamaqla bağlı razılıq verib və 100 min avroluq ilkin ödəniş alıb. Amma 22 yaşlı yarımmüdafiəçi çıxış etdiyi "Karlsrue" klubu ilə müqaviləni uzatmışdı. Futbolçu daha sonra "Hamburq" və "Bayer"ə transfer olmuşdu. Bu səbəbdən "Trabzonspor" 2013-cü ildə FIFA-ya şikayət edib. Çalhanoğlu həmçinin “Trabzonspor”a 100 min avro təzminat ödəyib.
saytlarin hazirlanmasi