Şahin Diniyev: "Faciəyə bərabər xal itirdik"

18:50 - 5 Mart 2017

“Oyunu gördünüz. Acınacaqlı xal itkisinə məruz qaldıq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdur.

 

Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının XXI turunda AZAL-la heç-heçə edib – 1:1. Oyundan sonra matç haqda fikirlərini bildirən təcrübəli çalışdırıcı ciddi səhvlə yadda qaldıqlarını deyib:

 

“Demək olar ki, 90 dəqiqə üstünlüyümüz şəraitində keçən oyunda uşaq səhvi etdik. Buraxdığımız qolda müdafiəçilərimizin ciddi səhvi var idi. Kimisə günahlandırmaq istəmirəm,  meydanda komanda şəkilində yaxşı mübarizə apardıq.  Meydançanın bu durumda olması texnikalı futbol oynamağa icazə vermirdi. Belə stadionda daha çox uzun istifadə etməli olursan ki, bundan da az-az istifadə etdik. Belə demək olar ki, öz əlimizdə olan oyunu verdik. Məncə futbolçularım oyunu AZAL-a hədiyyə etdilər”.

 

Şahin Diniyev qarşısına Avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan komandanın AZAL-la oyunda xal itirməsini faciə adlandırıb: “Fasilədə futbolçulara dedim ki, ikinci qolu mütləq vurmalıyıq.  Belə oyunlarda təsadüfi qollar var. Biz də istəyirdik ki, rəqib fərqlənməmiş ikinci qolu da vuraq, buna yaxın idik. Ebahın, Serjinyonun və Vüqarın yaxşı imkanları olsa da, istifadə edə bilmədik. Əlbəttə, vurmayana-vurarlar. Yenə deyirəm, faciəyə bərabər xal itirdik. Biz Avrokubok yolu tutmaq üçün yol tutmuşduq, gec deyildi və bundan sonrakı evdəki oyunlarımızda qalib gəlmək lazım idi. Komandam “Neftçi” və “Qəbələ” ilə oyunlardan sonra bu gün daha yaxşı futbol sərgiləməli idi”.

Xəbər xətti