Rəhman Hacıyev: "Fərqi aradan qaldırmaq çətin olacaq"

00:05 - 6 Mart 2017

“Qələbə qazanmaq bizim üçün çox önəmli idi. Çünki Avrokuboklara addım ata bilərdik. Buna baxmayaraq, məğlub olduq. Məğlubiyyət bizə çox pis təsir etdi”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə məxsusdur.

 

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında “Zirə”yə (1-2) məğlub olub. Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran Hacıye məyus olduqlarını deyib: “Həqiqətən də məğlubiyyət çox pis oldu. Nə deyəcəyimi bilmirəm”.

 

Hacıyev komandada arxayınçılıq olmadığını vurğulayıb: “Arxayıçlıqdan söhbət gedə bilməz. Əksinə, irəli atılaraq, ikinci qolu da vurmaq istəyirdik. Ancaq rəqibdə bərabərlik qolundan sonra xüsusi motivasiya yarandı. Ayıldılar və qapımızda ikinci qolu gördük”.

 

Rəhman buraxdıqları qollarda qapıçı Maksim Vaylonun səhvləri olduğunu deyib: “Qapıçının səhvləri var idi. Amma Vaylo da futbolçudur, səhvsiz olmaz. Yəqin ki, Vaylo da səhvini bilir. Uduzduq da...”.

 

Gənc futbolçu ilk yarı ilə müqayisədə ikinci hissədə daha mübariz oyununun sərgilənməməsinin səbəblərini də açıqlayıb: “Rəqib ikinci qolunu vurduqdan sonra müdafiəyə çəkildi, biz hücuma atıldıq. Amma istifadə edə bilmədik. Oyun heçə-heçə də başa çata bilərdi. Sonuncu dəqiqədə real qol şansımız olsa da, istifadə edə bilmədik”.

 

Rəhman Avrokuboklara getmək üçün kuboka ümid bağladıqlarını deyib: “Əlbəttə, bütün ümidlər kubokadır. Dördüncü pillədəki rəqiblə aramızda xal fərqi çoxdur. Bu fərqi aradan qaldırmaq çətin olacaq”. 

Xəbər xətti