Elxan Məmmədov: "Prosineçkinin işindən və imza atdığı nəticədən çox razıyıq"

16:27 - 6 Mart 2017

AFFA-nın baş katibi Elxan Məmmədov Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, görüşdə AFFA ilə Xorvatiya Futbol Federasiyası arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

 

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi öz seçki platformasını XFF-nin prezidentinə təqdim edib. Görüşdən sonra assosiasiyanın baş katibi Xorvatiya mətbuatına açıqlama verib:

 

"Xorvatiyaya gəlib, böyük dostum Davorla yenidən görüşmək əla hissdi. Bu, mənim Xorvatiya Futbol Federasiyasının yeni binasına ilk səfərimdi. Deməliyəm ki, federasiyanın qərargahında çox təsirləndim. Bura çox gözəldi. Davorla iki assosiasiya arasındakı gələcək əməkdaşlıq barəsində danışıq apardıq. İndiyə qədər də bizimlə Xorvatiya Futbol Federasiyası arasında yaxşı işbirliyi olub. Bu münasibətdə aparıcı şəxslərdən biri Robert Prosineçkidi. Biz onun işindən və imza atdığı nəticədən çox razıyıq. Davorla söhbətdə mənim UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim də müzakirə olundu. Bundan əlavə, gənc futbolçuların inkişafı ilə bağlı danışığa daha çox vaxt ayırdıq. Bu barədə xorvatlardan, xüsusilə gənclər yığmalarından çox şey öyrənmək olar”.

 

Şuker də görüş barədə fikirlərini bölüşüb. O, Məmmədov barədə xoş sözlər işlədib:

 

“Elxan futbolu sevən insandı. O, daim işləyir və 24 saat futbolla yaşayır. Azərbaycan futbolunun hörmətli rəhbərlərindən biridi. Düşünürəm ki, UEFA-nın İcraiyyə Komitəsində məhz bu cür peşəkar insanlar yer almalıdı”.

Xəbər xətti