"Neftçi"nin futbolçusu: "Növbəti mövsüm çempionluq uğrunda mübarizə aparacağıq" MÜSAHİBƏ

00:33 - 15 Mart 2017

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “Qəbələ”ni  1 - 0 hesabıyla məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın futbolçusu Kiril Petrov əməkdaşımızın suallarını cavablandırıb:

 

- Oyun haqda nə deyə bilərsiniz?

- Çox çətin qarşılaşma oldu. Liderlər sırasında yer alan komandanı məğlub etmək olduqca sevindiricidir. Üstəlik, “Zirə”yə məğlubiyyətdən sonra özümüzə inamı geri qaytarmaq istəyirdik. Hamıya sübut etmək istəyirdik ki, “Zirə”yə məğlubiyyət sadəcə təsadüf idi.

 

- Qələbə qazanmaq “Qəbələ” üçün vacib olsa da, “Neftçi” meydanda daha istəkli görünürdü...

- Məncə, hər iki komandaya qələbə qazanmaq vacib idi. Rəqiblə yanaşı, bizim də məqsədlərimiz var. Onların başlıcası elə Avropa Liqasına vəsiqə qazanmaqdır.  Biz bu məqsədə doğru yavaş-yavaş irəliləyirik və ümid edirəm ki, bacaracağıq.

 

- Oyunun gedişində iki mərkəz müdafiəçiniz zədələndi və əvəzlənmək məcburiyyətində qaldı. Bu, sizə çətinlik yaratmadı?

- Bizim komandada rəqabət var. Meydana daxil olan futbolçularla bir-birimizi yaxşı başa düşürdük. Məncə, əvəzlənən futbolçular da oyunumuzu gücləndirdilər. Onlar zədələnən futbolçulardan zəif deyildilər.

 

- Sizin üçün əsas olan çempionatda dördüncü yeri tutmaqdır, yoxsa kuboku qazanmaq?

- Hər futbolçunun makimal hədəfləri var. Hazırda maksimal hədəfimiz dördüncü pilləni tutmaq və ölkə kubokunu qazanmaqdır. Qarşıdakı mövsümdə isə çempionluq uğrunda mübarizə aparacağıq.

 

- Ölkə kubokunda iki oyunun nəticəsinə görə “Qarabağ” üstələmək çətindir, yoxsa qarşıdakı 6 turda 18 xal qazanmaq?

- Mən bu suala cavab verə bilmərəm. Çünki biz hər oyuna yüksək səviyyədə hazırlaşırıq. Bizim üçün hər bir oyun olduqca vacibdir. Konkret olaraq bu suala cavab verməyəcəm. Onu deyə bilərəm ki, hər bir turnirin qalibi olmaq istəyirik.

Xəbər xətti