Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mayın 5-də keçiriləcək Azərbaycan kubokunun final oyununun məkanının dəyişdirilməsi ilə əlaqədar hər iki klubun azarkeşlərinin xahişinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, "qol.az" saytına açıqlamasında o deyib ki, PFL bu qərarı azarkeşlərə problem yaratmaq üçün bilərəkdən qəbul etməyib:
“Mənim həm “Qarabağ”, həm də “Qəbələ” azarkeşlərinə böyük hörmətim var. Onların narahatlığını da başa düşürəm. Amma bildiyiniz kimi, mayın 12-də Bakıda İslam Həmrəyliyi Oyunları başlayır. Bununla əlaqədar mayın 4-dən isə Bakıdakı stadionlar yarışın təşkilat komitəsinin tabeçiliyinə keçir. Bu səbəbdən biz final matçının Naxçıvanda keçirilməsinə qərar vermişik”.
“Bəs finalın Azərbaycanın başqa şəhərində, məsələn, Lənkəranda keçirilməsi mümkündürmü?” sualına cavabında Ramin Musayev bildirib ki, Lənkəran stadionunun ot örtüyü finalı qəbul etməyə imkan vermir:
“Hazırda başqa stadionların ot örtüyü normal deyil. Naxçıvanda isə bununla bağlı işlər aparılıb və finala kimi meydança yaxşı vəziyyətə gətiriləcək”.
Xatırladaq ki, "Qarabağ" və "Qəbələ" azarkeşləri bildiriblər ki, Naxçıvana getmək onlar üçün çətinlik yaradır. Azarkeşlərin bəyanatının ümumi məzmunu belədir:
- Naxçıvana Bakıda təyyarə ilə gediş-dönüş qiyməti bir nəfər üçün ən 100 manatdır. Bu pulu ödəməyə azarkeşlərinin çoxunun maddi imkanı çatmır.
- Avtomobil yolu ilə hərəkət isə çox uzun olmaqla yanaşı, digər ölkə hüdudlarını (məsələn, İran) keçdiyimizə görə xarici pasport tələb edilir. Bir çox azarkeşin isə xarici pasportu yoxdur. Üstəlik həmin ölkədən Naxçıvana gedib-qayıtmaq bir neçə gün vaxt tələbə edir.
saytlarin hazirlanmasi