İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) Premyer Liqada mövsümün ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, namizədlər arasında bu mövsüm 23 dəfə rəqib qapıçıları məyus edən belçikalı hücumçu Romelu Lukaku var. Bombardirlər siyahısında 19 qolla Lukakunun ən yaxın izləyicisi olan Harri Keynin də adı namizədlərin siyahısındadı. Digər adlar "Çelsi"dən Eden Azar, Nqolo Kante, "Mançester Yunayted"in forvardı Zlatan İbrhimoviç və "Arsenal"dan Aleksis Sançesdi.
İlin gənc futbolçusu adına namizədlər isə "Tottenhem"dən Dele Alli, Harri Keyn, "Börnli"dən Maykl Kin, "Everton"dan Romelu Lukaku, "Sanderlend"dən Cordan Pikford və "Mançester Siti"dən Leroy Sane göstəriliblər.
Qaliblərin adları aprelin 23-də açıqlanacaq.
Xatırladaq ki, ötən mövsümün ən yaxşı futbolçusu “Lester Siti”nin əlcəzairli futbolçusu Riyad Mahrez olmuşdu.