29 yaşlı baş məşqçinin komandası Çempionlar Liqasında

10:22 - 1 May 2017

20 yaşında zədələndiyi üçün futbolçu karyerasını başa vuran Yulian Naqelsmann baş məşqçi kimi xarüqələr yaradır.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı mütəxəssisin çalışdırdığı "Hoffenhaym" klubu Bundesliqanın 31-ci turunda "Ayntraxt"a 1:0 hesabı ilə qalib gəlməklə, tarixində ilk dəfə Çempionlar Liqasında oynamaq hüququ qazanıb. 

 

Naqelsmannın ləqəbi "Uşaq Mourinyo"dur. Almaniya mətbuatında onu həm də "Yeni Yoahim Löv" də adlandırırlar. Gənc çalışdırıcı "Hoffenhaym"ın "sükanı arxası"na ötən mövsüm gətirilib. Ötən il komandanı II Bundesliqaya düşməkdən xilas edən Naqelsmann bu il daha möhtəşəm uğura imza atıb və "Hoffenhaym"ı tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinə daşıyıb.

 

3-cü pillədə qərarlaşan "Hoffenhaym" cari mövsüm evdə oynadığı qarşılaşmaların heç birində uduzmayıb.

 

Yulian Naqelsmann məşqçilik karyerasına 21 yaşında başlayıb. Əvvəlcə "1860 Münhen"in U-17 komandasını çalışdırıb. 2013-cü ildə "Hoffenhaym"da məşqçi köməkçisi vəzifəsinə gətirilən almaniyalı, Hubb Stevensin səhhətində yarandığı problemlərə görə, 28 yaşında komandanın "sükanı arxası"na keçib.

Xəbər xətti