Ay İlqar, sənə deyim... Yaxşı, tutaq ki, mənim başım qarışıq idi, Masazıra getmişdim, ona görə də xəbərim olmayıb. Öz gözəl-göyçək, cəmi səkkizcə komandalı milli futbol çempionatında mövsümün başa çatmasını bilməmişəm. Dost və yoldaş Tağıyev, sən axı zəng edib xəbər verə bilərdin. Kontur bir səndədi, bir də ingilisdə. Bir az öz səhvimdən, bir az da İlqarın səhlənkarlığından o yekəlikdə hadisədən qəti xəbərim olmayıb.
İndi də heç bilmirəm təzə rənglənmiş küçəyə necə çıxım... Nə bizim Premyer Liqada top və mühasib qovan futbolçuların üzünə, nə də ilboyu stadionlarımızda tum çırtlayan 123 azarkeşin gözünə baxa bilirəm. Oturmuşam evdə, məcburiyyətdən “Real"la “Barselona"nın oyunlarına baxıram. Aradabir də “Qarabağ"ın “Rəvan"a uduzduğu oyunun videoyazısını təkrar-təkrar izləyirəm. Əlacım nədi ki...
Bizdə milli çempionat deyilən şey davam etsəydi, gedərdim elə Şüvəlana, rəhmətlik AZAL-la “Kəpəz"in toz-tozanaq qopan qarşıdurmasına baxardım da. Amma və bir az da lakin, bizim PFL builki mövsümü lap erkən, tələm-tələsik bitirdi. Biz tərəflərdə əvvəllər kasıb toyu belə tez qurtarardı. Deyərdilər, el-obadan, dost-düşməndən ayıbdı, qoy görməsinlər ki, məclis sönük keçir.
Kasıb toyu demişkən, yerli “İnter" də qaldı ağzı günə. Gördülər ki, bankirlərdən bir şey çıxmır, tez keçdilər AFFA tərəfə. Yazıq, babal AFFA... Hansı klubun pul-parası kəsilir, qaçır Nobel prospektindəki şüşəli binaya. Yerli və legionerli futbolçularımızın hamısı elə bilir ki, AFFA-nın ofisindən neft çıxır. Federasiyada çalışanlar da milyonçudular, pula pul demirlər.
Neft dedim, yenə qanım qaraldı. Mənə deyən lazım, sənin axı neftlə-mazutla nə işin ki, üstü-başın da bulaşsın, qanın da qaralsın. Futboldan yazmaq istəyirsən, otur yaz da, qapqara neftin bizim gül kimi futbola nə dəxli? “Bakı" klubu ilə yaşıdsan, “MKT Araz"dan bir bayram böyüksən, heç indiyə kimi görmüsən ki, Ramil Diniyev “Neft Daşları"nda çalışan buruq ustasına, çilingərə sarı vərəqə versin?
Təkrar kimi çıxmasın, mən Masazıra getdiyimə görə milli çempionatın başa çatdığını bilməmişəm, Allah saxlamış İlqar da vaxtında xəbər eləməyib. Yaxşı, bəs bizim FİFA köynəyi geyinən referilərimiz harda aranı bir-birinə qatacaq? 79 azarkeş “İnter Arena”dan şəhərin mərkəzinə qədər kimi söyə-söyə qayıdacaq? Mən hələ Zirədə futbola baxıb geri dönənləri demirəm.
Yox, belə olmaz, kəsinliklə olmaz. 8 komandanın yarı məcbur, yarı xoş qatıldığı çempionatı belə tez-tələsik bitirmək doğru hərəkət deyildi. PFL gecə-gündüz fikirləşib nəsə çarə tapmalıdı. Kabab iyinə gəlib uzunqulaq dağlandığını görən legionerlər özləri bilərlər, can onların, Somali Tanrının. Amma və bir az da lakin, yerli futbolçularımızı belə erkən ev-eşiklərinə buraxmaq düzgün hərəkət deyildi. Oxuduğumdan, eşitdiyimdən belə yəqin etdim ki, növbəti mövsümdə neçə komandanın məcburən yarışa qatılacağı, yeni çempionatın nə zaman başlayacağı hələ bilinmir. Bu müddətdə bizim futbolçular bekarçılıqdan ya “avtoşluq" edib camaatın üstünə maşın sürəcək, ya da qəlyan sümürə-sümürə “selfi” çəkdirəcəklər.
Hansı tərəfdən baxsan, Premyer Liqamızın belə tez bitməsi düz gəlmir. Mən şəxsən PFL-dəki dostlarımıza möhkəm arxayın idim, elə bilirdim ki, səkkiz komandanı düz mayın axırına qədər ora-bura qaçırıb vaxtı uzadacaqlar. Bu çempionat heç maya da çıxmadı...
Bir-iki həftəlik Masazıra getməyə peşman oldum, qayıdanda bir də eşitdim ki, gül kimi çempionatımız qurtarıb, futbolçular da gediblər ev-eşiklərinə. Bu yekəlikdə hadisədən vaxtında xəbər tutmamışam. Mövsüm ərzində səkkiz komandanın oyunlarına baxan 123 azarkeş, siz deyin, məni bağışlamaq olarmı?
Etibar Cəbrayıloğlu / “Het-trik news”
saytlarin hazirlanmasi