Türkiyə millisində oynamağa razılıq verən “Hoffenhaym”ın futbolçusu Kərəm Dəmirbay son anda qərarını dəyişib.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu Almaniya millisində oynamağa qərar verib. O, açıqlamasında fikirlərini belə izah edib: “Yoahim Löv tərəfindən Almaniya millisinə dəvət aldığım üçün özümü xoşbəxt hiss edirəm. Almaniyada doğulmuşam və bu ölkənin millisinin formasını geyinmək qürurvericidir. Mənim uşaqlıq xəyalımı gerçəkləşdirən hər kəsə təşəkkür edirəm”.
Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə Dəmirbay haqda bunları deyib: “Dəmirbay möhtəşəm bir mövsüm keçirdi. O, fantastik ötürmə verməyi bacaran oyuçudur. Onunla uzun müddətdir ki, danışıq aparırdıq. Kərəm Türkiyəni yox, Almaniyanı seçdi. Biz bu qərara görə çox xoşbəxtik”.
Qeyd edək ki, Kərəm Dəmirbay daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında forma geyinib.
saytlarin hazirlanmasi