Samir Abasov: "Premyer Liqada komandaların çox olmağının tərəfdarıyam" MÜSAHİBƏ

18:56 - 2 İyun 2017

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Qol.az saytına müsahibə verib.

 

Sportal.az bu müsahibəni təqdim edir. 

 

- Komandanız nə vaxt toplanacaq?

- Futbolçularımız hələ istirahət edirlər. Ayın sonlarında - iyunun 22-dən 25-nə kimi hazırlıqlara start verəcəyik.

 

- Təlim-məşq toplanışı hansı ölkədə olacaq?

- Hazırlıq prosesini həftələrə bölmüşük. İlk həftələri Azərbaycanda olacağıq. İyulun ortalarında Türkiyəyə gedəcəyik. Hazırlığımızı iki həftə Türkiyədə davam etdirəcəyik.

 

- Yoxlama oyunlarını keçirəcəyiniz komandalar məlumdurmu?

- Hələ ki, məlum deyil. Hazırda ancaq hansı oteldə qalacağımız dəqiqləşib. Çox güman ki, bir həftə ərzində rəqiblərimizin adı da məlum olacaq.

 

- Komandadan göndəriləcək futbolçular olacaqmı?

- Bundan sonra heç kim göndərilməyəcək. Göndərilməsi lazım olan futbolçular artıq gediblər.

 

- Xəbər yayılmışdı ki, Sergey Çernişev komandadan intizamsızlığına görə qovmusunuz. 

- Xeyr. Onun intizamsızlıq etməyə heç vaxtı da olmadı. Bir neçə oyundan sonra zədələndi. Ayağında sınıq olduğuna görə biz onu evə buraxdıq. Müalicəsi yox idi, gips qoyulmuşdu. Sırf oyunu məni qane etmədiyi üçün göndərdim.

 

- Komandaya bir neçə oyunçu cəlb etmisiniz. Yeni transferlər olacaq?

- Ola da bilər, olmaya da. Amma çox güman ki, olmayacaq. Etdiyimiz transferlərin üstündə dayanmışıq. Ancaq komandamıza, bizim şərtlərimizə görə yaxşı oyunçu qarşımıza çıxsa, onu komandaya cəlb edə bilərik. Məncə, hələlik bu transferlər bəsimizdir.

 

- Yenə sırf yerli futbolçularla maraqlanırsınız?

- Bizdə legioner söhbəti yoxdur. Diqqətimizi sırf yerli futbolçulara yönəltmişik. 

 

- Başa çatan mövsüm hansı mövqedə çatışmazlıqlar oldu? 

- Müdafiənin sağ cinahında və dayaq yarımmüdafiəsində böyük problemlərimiz vardı. Ümumiyyətlə, bizdə o mövqeyin futbolçusu yox idi. Artıq hər iki mövqeyə futbolçu transfer edə bildik.

 

- Gələn mövsüm də Premyer Liqada 8 komanda çıxış edəcək. Buna münasibətiniz necədir?

- İstəyərdik daha çox komanda çıxış etsin. Nə qədər çox komanda ilə oynasan, o qədər maraqlı olar, bezdirici olmaz. Amma neynəmək olar? Gərək birinci dəstə komandaları Premyer Liqanın şərtlərinə uyğun olsun. Yəqin ki, həmin komandalar bu şərtlərə əməl edə bilməyiblər. Bir tərəfdən də düşünürsən ki, kəmiyyət yox, keyfiyyət olsun. Mən komandaların çox olmağının tərəfdarıyam.

 

- Bir müddət əvvəl Zaqreb "Dinamo"sunun düşərgəsində oldunuz. Görüş necə keçdi?

- Çox xoş idi. Sırf işgüzar səfər idi. Həm təcrübə, həm klublar arasında münasibət baxımından yaxşı səfər oldu. Düşünürəm ki, “Dinamo” səfəri gələcəkdə bizə müsbət nəticə verərəcək. 

Xəbər xətti