Arda Turan Türkiyə futbolunun 21-ci əsrdə yetişdirdiyi ən böyük futbolçudur. Hər halda, son 17 ilə baxanda belə görünür. Adam gənc yaşlarından “Qalatasaray”ın vazkeçilməzlərindən birinə çevrildi. 2008-ci ildə Avropa çempionatında Türkiyə yığmasının yarımfinaladək irəliləməsində böyük pay sahibi oldu. Bir neçə il sonra “Atletiko”da legioner həyatına start verdi. Madrid klubunun liderlərindən birinə çevrildi. Sonda əksər futbolçularının formasını geyməyi xəyal etdiyi “Barselona”ya transfer olundu. Amma texnikası və zəkasıyla dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri sayılan Arda Turan Türkiyə yığmasından qovuldu. Makedoniya ilə yoxlama oyunundan sonra təyyarədə jurnalist Bilal Meşəni vurmağa cəhd edən, ona qarşı təhqiramiz ifadələr işlədən ulduz futbolçunun yaşına, statusuna, dəyərinə baxmadan “yaxşı yol” dedilər. Çünki jurnalist ən sərt şəkildə tənqidi fikirlər səsləndirsə də, peşəkar idmançı, məşqçi zor tətbiq etməməli, tənqidə dözümlü yanaşmalıdır. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq heç kəsin zorakılıq etməyə, kiminsə şəxsiyyətini təhqir etməyə, onu hədələməyə haqqı yoxdur.
Ancaq görünür bizdə belə deyil. İslamiadanın qeyri-rəsmi ilk günü idi. Mayın 8-də U-23 yığmamız Kamerunla qarşılaşırdı. Həmin oyunu işıqlandırmaq üçün “Bayıl Arena”ya yollanan saytımızın baş redaktoru Mərdan Həsənov futbolçu və baş məşqçi tərəfindən hörmətsizliklə üzləşdi. Oyunöncəsi isinmə hərəkətləri edərkən Azad Kərimovun topa vurduğu zərbə kompyuterə dəyib ona xəsarət yetirdi. Daha sonra onların növbəti zərbəsindən sonra top “Həftə içi” qəzetinin müxbiri Tural Mustafayevə dəydi. Futbolçular bu azmış kimi, onlara yüngülcə irad bildirən Mərdan Həsənovu söhbətə çağırıb, ona hədə-qorxu gəldilər. Məşqi yarımçıq tərk edən Azad Kərimov saytımızın redaktoruna hücum çəkdi. Baş məşqçi Yaşar Vahabzadə isə futbolçusunu sakitləşdirmək əvəzinə jurnalistin üzərinə şığıyaraq hədə-qorxu gəlməkdən çəkinmədi. Hətta çalışdırıcı Mərdan Həsənova “səninlə harada istəsən görüşəcəm, söhbət edəcəm” deməyi də özünə sığışdırdı. Mətbuat konfransında üzrxahlıq etməsi də gözdən pərdə asmaq cəhdi idi.
Təəssüf ki, bu olayı əksər həmkarlarımız heç saya almadı, önəm vermədi. Jurnalist birliyinin olmadığını bir daha gördük. Heç kim zəmanət verə bilməz ki, sabah onun başına belə iş gəlməyəcək. Əksinə, birlik olmadıqca jurnalistlər belə hörmətsizliklə tez-tez üzləşəcək, onların üstünə “xod gedən” çox olacaq. Nə qədər ki, susuruq, bizə dəyər verən də olmayacaq. Bu məsələdə susqunluğunu qoruyan həmkarlarımızdan savayı AFFA-nın da günahı böyükdür. Hələ futbolçu kimi özünü sübut edə bilməyən, klubunda forma geyməkdə belə çətinlik çəkən Azad Kərimov və Elnur Cəfərov niyə cəzalanmadı? Ağzından süd iyi gəlsə də, lotu jarqonuyla danışan futbolçulara niyə qulaqburması verilmədi? Bəs illərdi futbolun içində olan, saçını bu sahədə ağartmış Vahabzadəyə niyə barmaq silkələyən olmadı? Çexiyada biabırçı şəkildə 0:5 hesabıyla uduzan baş məşqçiyə və yetirmələrinə Allahın quru xəbərdarlığı da edilmədi? Nədir, olmaya bizimkilər Arda Turandan artıqdır?
Sualın iki cavabı var. Birincisi, "yox, deyil". Deyilsə, federasiya işini düz görüb, belə şeylərə duyarlı yanaşmalıdı. Yoxsa, sabah onlara gərəkli olanda yanlarında ehtiyacı olduğu media olmayacaq. O zaman bizi axtaracaqlar. İkincisi isə, "Hə, artıqdı". Hə, axı bizimkilər də "Mançester Yunayted"də-zadda oynayırlar... Yox o, başqası idi. Səhv saldım.
Newsport.az
saytlarin hazirlanmasi