“Vətən” Avstriyadan üzüağ döndü

13:45 - 23 İyun 2017

“Vətən” RİOEUG Futbol Məktəbinin U10 komandası 16-19 iyun tarixində Avstriyanın paytaxtı Vyanada keçirilmiş dünyanın ən böyük futbol yarışı - “Champions trophy 2017” beynəlxalq futbol turnirinin final mərhələsində  iştirak edib.

 

Sportal.az xəbər verir ki, 10 yaşlı futbolçulardan təşkil olunmuş və ilkin mərhələlərdə 1000-dən çox komandanın qatıldığı turnirin final mərhələsində 128 komanda qalib adı uğrunda mübarizə aparıb. İştirakçılar hər birində 8 komanda olmaqla 16 qrupa bölünüblər. A qrupunda yer alan  “Vətən” keçirdiyi 7 oyunda 10 xal toplayaraq mübarizəni qruplarında 3 və 4-cü yeri tutmuş komandalar arasında davam etdirib. Komandamız qrup mərhələsində  Avstriyanın «Innsbruk Vest» (3:0) və «Brunn» (8:1) komandalarına, həmçinin, Çexiya təmsilçisi «Slovaçko»ya (4:1) qalib gəlib. Serbiyanın «Tutin» (1:2), Avstriyanın «Stadlau» (2:3) və Madridin «Atletiko» (0:1) komandalarına məğlub olan «Vətən» yeganə heç-heçəni Sloveniyanın «Lyublyana» komandası ilə edib – 1:1.

 

Bundan sonra «Vətən» 4 komandadan ibarət  8 qrupda mübarizəni davam etdirib. 2-ci qrupda yer alan 10 yaşlılarımız LASK-a (Avstriya) qalib gəlib – 3:0. Bosniya və Hersoqovinanın «Sarayevo» və Avstriyanın «Vaenerberq 1921» komandaları ilə oyunlarda isə hesab açılmayıb. Beləliklə, «Vətən» 3 komandanın 5 xal topladığı 2-ci qrupda 3-cü yeri tutub. 

 

Turnirin 3-cü yekun mərhələsi hər qrupda 3-cü yeri tutmuş komandalar (8 komanda) arasında olimpiya sistemi əsasında davam etdirilib. Bu mərhələdə “Vətən” sona qədər irəliləyərək 3-cü yerlər arasında ən yaxşı nəticəni göstərib. Komandamız 1/4 finalda «Maribor»u (Sloveniya) (1:1, pen. 6:5), yarımfinalda isə «Kid Tampa Braşov»u (Rumıniya) (1:1, pen. 6:5) mübarizədən kənarlaşdırıb. Finalda isə Xorvatiyanın «Ponikve»sinə heç bir şans verməyib – 3:0.

 

“Champions trophy 2017”də komandamız  ümumilikdə 8 ölkədən 13 komanda ilə qarşılaşıb. Turnirin qalibi “Çelsi” (İngiltərə) olub. “Benfica” (Portuqaliya) gümüş, “Juventus” (İtaliya) isə bürünc medalları qazanıb.

 

Xəbər xətti