"Bəli, "Qarabağ"ın güclü komanda olduğunu etiraf etməliyik. Amma bizim də oyunumuz alınmadı. Planlaşdırdığımız kimi oynasaydıq, hesab böyük olmazdı".
Sportal.az xəbər verir ki, bu sözləri "Samtredia"nın futbolçusu Giorgi Mçedlişvili deyib. Gürcüstan klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a məğlub olub - 5:0. "Adjarasport"a açıqlama verən futbolçu matç haqda fikirlərini bildirib.
O, matçın hakimi Mete Kalkavanın ədalətli qərarlar vermədiyini deyib: "Matçın ilk 10 dəqiqəsində hakim 3 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdı. Bu, çox şeydən xəbər verir. Kalkavan 10-cu dəqiqədə qapımıza penalti təyin etdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər kəs gördü ki, hakim oyunu yaxşı idarə etmədi".
Mçedlişvili cavab oyunu haqda da danışıb: "Cavab oyunu haqda nə deyə bilərəm? Çətin olacaq. 5 qolluq fərqi aradan qaldırmaq inandırıcı deyil. Amma komandamızın adı, özümüz üçün sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Tbilisidə keçiriləcək.
saytlarin hazirlanmasi