"Samtredia"nın kapitanı: "Bəxtimiz gətirmədi"

10:30 - 19 İyul 2017

"Təəssüf ki, məğlub olduq. İlk növbədə, azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik, amma alınmadı. Çoxlu qol imkanlarımız da oldu. Ola bilsin, bəxtimiz də gətirmədi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Samtredia"nın kapitanı Georgi Datunaişvili Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

32 yaşlı oyunçu  komandasının potensialının yüksək olduğunu bildirib: "Xatırlayıram, "Çixura"da çıxış etdiyim vaxt "Bursaspor"la oynamışdıq. Türkiyə təmsilçisi də "Qarabağ" kimi güclü komanda idi. Bizdən üstün oyun sərgiləməsinə baxmayaraq, qol vura bilmədilər. Penaltilər seriyasında isə "Çixura" daha dəqiq olaraq, mərhələ adladı. İndi biz də oxşar situasiya ilə qarşılaşmışdıq. Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, "Qarabağ" bizdən güclüdür və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm".

 

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən (5:0, 1:0) növbəti mərhələyə yüksəlib.

Xəbər xətti