Bu gün yerli futbola könül bağlayanların həsrəti sona çatacaq. Çünki Premyer Liqada yeni mövsümə start veriləcək. Bəs görəsən, hansı komanda daha hazır vəziyyətdədir? Hansı komandalar çempionluq uğrunda mübarizə aparacaq? Edilən transferlər hədəflərə çatmaq üçün yetərli səviyyədədirmi? Düzdür, komandaların hazırlığını daha öncə təhlil etmişdik. Ancaq biri var məsələyə jurnalist yanaşması, biri də var baş məşqçilərin fikirləri. Əlbəttə, ikinci variant daha dəqiq proqnoz vermək üçün olduqca vacibdir. Odur ki, Azərbaycan çempionatının startı ərəfəsində elitada çıxış edən 8 komandanın baş məşqçisinə aşağıdakı sualları verdik:
1. Mövsümə hazırlıqdan razı qaldınız?
2. Transferlər ürəyinizcə oldu?
3. Bu mövsüm komandanızın məqsədi nədir?
4. Sizcə, hansı klub çempionluğa daha yaxındır?
Aldığımız cavablar fərqli oldu. Kimisi ətraflı cavab verdi, kimisi qısa danışmağa üstünlük verdi. Buyurun, cavablarla tanış olun:
Qurban Qurbanov (Qarabağ): “Hazırlığı qənaətbəxş saymaq olar. Düzdür, zədə səbəbindən bəzi futbolçular komandayla tam şəkildə məşq edə bilmədi. Bu səbəbdən tam da arzuladığımız şəkildə hazırlıq keçə bilmədik. Ancaq ümumi götürməkdə hazırlığı qənaətbəxş sayıram. Transferlərimiz hələ bitməyib. Avqustun 31-dək vaxtımız var. Axtarışlarımız davam edir. “Transfer pəncərəsi” bağlananadək əlavə transfer gözlənilir. Hədəfimiz dəyişilməz qalır. Yenə maksimum nəticə üçün oynayacağıq. Bütün komandalar çempion olmaq istəyər. Təbii ki, bir neçə klub titula daha yaxın görünür. Ancaq rəqiblərin hazırlıq prosesinin hansı səviyyədə keçməsindən xəbərsizəm. Belə olan halda kimin çempionluğa daha yaxın olmasıyla bağlı proqnoz verməyim düzgün olmaz”.
Roman Qriqorçuk (Qəbələ): “Avstriyada qısa fasilələrlə 2 təlim-məşq toplanışı keçdik. Bu hazırlıq prosesinin nə dərəcədə effektiv olduğunu ölkə çempionatının oyunları göstərəcək. Yeni transferlərimizdən razıyam. Amma yenə də onları qiymətləndirmək üçün tələsməmək lazımdı. Premyer Liqanın gedişində onların nə dərəcədə komanda üçün faydalı olub-olmadığını üzə çıxaracağıq. Düzdür, “transfer pəncərəsi”nin bağlanmasına yarım aydan çox vaxt var. Ancaq düşünmürəm ki, bundan sonra heyətimizə başqa futbolçu qataq. Məqsədimiz dəyişməyib. Hər oyuna qalib gəlmək üçün çıxacağıq. Çempionluğa real namizəd kimdi? Rəqiblərimizin hamısına hörmətlə yanaşırıq və onları zəif və ya güclü tərəflərə bölmürük”.
Zaur Svanadze (İnter): “Təlim-məşq toplanışına Bakıda başladıq. “İnter Arena”da bir müddət hazırlıq keçdikdən sonra Boluya yollandıq. Orda 3 yoxlama oyunu keçirdik. Daha sonra Avroliqa oyunlarına çıxdıq. Avrokubokun 2-ci mərhələsində mübarizəni dayandırdıqdan sonra Bakıda ölkə çempionatının hazırlıqlarına start verdik. Ümumilikdə yeni mövsümə hazırlığı normal qiymətləndirirəm. “İnter” həmişə yüksək nəticələr uğrunda mübarizə aparıb. Ancaq bəzi furbolçuların getməsi və transfer qadağası bizə yeni mövsümdə çətinliklər yaradacaq. Bununla belə, yaxşı nəticə ədə etməyə çalışacağıq. Etiraf etmək lazımdır ki, transfer qadağası bizə çox çətinlik yaradacaq. İndidən hansısa klubun çempion olacağını söyləmək çətindir. Amma güclü rəqiblər hamıya məlumdur. Bu mövsümün də gərgin mübarizə şəraitində keçəcəyini düşünürəm”.
Ayxan Abbasov (Zirə): “Yeni mövsümün hazırlığına tez başlamışdıq. Çünki Avroliqanın 1-ci mərhələsindən mübarizəyə başlayacaqdıq. Komandanı bu turnirə taktiki, fiziki və psixoloji cəhətdən hazır vəziyyətə gətirməyə çalışdıq. Ümumən çempionata hazırıq. Əlbəttə, hər şeyin mükəmməl olduğunu söyləyə bilmərik. Çatışmazlıqlarımız var. Yoxlama oyunları da bu çatışmazlıqların aradan qaldırılmasına hesablanmışdı. Transferləri diqqətlə izlədikdən sonra həyata keçirmişik. Yeni futbolçular komandamıza xeyir verir. İnanıram ki, çempionatda da onlardan istədiyimizi ala biləcəyik. İstədiyimiz səviyyədə bir futbolçu tapsaq, daha bir transfer reallaşdırmağı planlaşdırırıq. “Zirə” bu mövsüm də əzmkar futbol sərgiləməlidir. Rəqibin kimliyindən asılı olmayaraq, məğlub olmamağa çalışacağıq. Buna nail olsaq, istədiyimiz nəticəni əldə edə biləcəyik. İndidən kiminsə çempion olacağıyla bağlı proqnoz vermək istəmirəm. Ancaq bizi çox maraqlı yarışın gözlədiyini söyləyə bilərəm. Digər klublar da yeni transferləriylə iddialı olduqlarını göstərirlər. İnanıram ki, layiq olan çempion olacaq. Qazanan Azərbaycan futbolu olacaq”.
Şahin Diniyev (Kəpəz): “Desəm ki, komanda çempionata tam hazırdı, bu, bir qədər gülünc olar. Çempionatın əvvəlində heç bir komanda tam hazır vəziyyətdə olmur. Çatışmazlıqlar var. Amma bunun dərəcəsi var. Komandanın 65-70 faizi dəyişib. Ötən mövsümkü heyətdən cəmi 8 futbolçu qalıb. 15 yeni futbolçumuz var. Bu da xəttlərarası əlaqələrdə anlaşmazlıqlara gətirib çıxarır. Bu qısa zamanda bu problemi aradan qaldırmağa çalışırıq. Ərzurum toplanışında əsasən, fiziki hazırlıq üzərində çalışdıq. Bakıda isə daha çox texniki-taktiki hazırlıq üzərində işlədik. Komandanın uyğunlaşması üçün 5-6 rəsmi oyuna ehtiyac var. Adətən, praktikada belə olur. Çalışacağıq ki, transferin startında futbolçular arasında anlaşılmazlıq minimum səviyyədə olsun. Transfer daha olmayacaq. Heyətimiz artıq komplektləşib. Ancaq gözlənilməz bir hal baş versə, kimisə heyətə qata bilərik. Amma belə planda var ki, 23 futbolçuyla mövsümə başlayaq. Yaxşı olardı ki, daha bir qapıçımız olsun. Lakin büdcəmiz 3 bərabərsəviyyəli qapıçımız olmasına imkan vermir. Allaha yalvaracağıq ki, zədələrimiz az olsun. Ardıcıl 3-cü mövsümdü ki, bu komandanı çalışdırıram. Məncə, indi daha maraqlı heyətimiz var. Amma bunu çempionat göstərəcək. Hədəfimiz Avroliqaya vəsiqə qazanmaqdır. Bu yer uğrunda vuruşacağıq. Küçədən keçən adamdan da soruşsan deyər ki, “Qarabağ” və “Qəbələ” qalan 6 komandadan daha güclüdür. Ancaq onlara badalaq vurmaq istəyən komandalar olacaq. Futbol sürprizlərlə doludur. “Neftçi” və “Zirə” onlara badalaq vura bilər. Bununla belə çempionluq yolunda yalnız “Qarabağ” və “Qəbələ”nin mübarizə aparacağını düşünürəm.
Samir Abasov (Sumqayıt): “2017/18 mövsümünə hazırlığı iyunun 20-də başladıq. İlkin mərhələ üçün "Kapital Bank Arena"da hazırlıq keçdik. Daha çox fiziki göstəricilərin artırılması üzərində işlədik. Bakıda olduğumuz müddətdə "Səbail"lə iki yoxlama oyunu keçirdik. İyulun 15-də Türkiyənin Bolu bölgəsinə təlim-məşq toplanışına yollandıq. İki həftə hazırlıq planımız var idi. Düşünürəm ki, çox yaxşı hazırlıq keçdik. Gündə iki dəfə olmaqla taktiki-texniki göstəricilərin artırılması üzərində çalışdıq. Futbolçuların sürət dözümlülüyünü yoxladıq. Boluda 5 yoxlama oyunu keçirdik ki, bu da bizə səhvləri görməyimizə yardımçı oldu. Hər oyundan sonra səhvləri analiz edib, məşqdə üzərində işlədik. Ümumilikdə hazırlıqdan tam razı qaldım. 2016/17 mövsümü başa çatan kimi artıq yeni futbolçularla bağlı klubun baş menecerinə müraciət etmişdik. Bu dəfə transfer çalışmalarına artıq maydan başladıq. İki həftə ərzində istədiyimiz futbolçularla müqavilə imzaladıq. 7 yeni futbolçu ilə güclənmişik. Yenilərdən razıyam. Düşünürəm ki, çempionatın startına qədər onlar tam hazır olacaqlar. Heyətimiz artıq komplekləşib. Bundan sonra transfer gözlənilmir. Qarşımıza hər hansı bir hədəf qoyulmayıb. Amma ildən-ilə nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Bunun üzərində də çalışırıq. Əlbəttə, istərdik ki, Avropa Liqasına vəsiqə verəcək yerlər üçün oynayaq. Amma bunu zaman göstərəcək. Fürsətdən istifadə edib, "Qarabağ"a Çempionlar Liqasının play-off oyunlarında uğurlar arzulayıram. İnşallah, qrup mərhələsinə vəsiqə qazanmaqla bizləri sevindirərlər. Premyer Liqada 8 komanda olmasına baxmayaraq, çempionatın gərgin keçəcəyini indidən təxmin etmək olur. Bütün komandalar heyətini gücləndirib. Məsələyə ümumi yanaşsaq, əlbəttə "Qarabağ" və "Qəbələ" çempionluq üçün mübarizə aparacaq iki komanda kimi görünür. Favoritim məhz bu iki komandadı”.
Elxan Abdullayev (Neftçi): “Yəqin ki, heç bir məşqçi komadasının hazırlığından tam razı olduğunu söyləməz. Çünki inkişafa hələ də yer var. Amma bu gün komandamın mövsümə 90 hazır olduğunu deyə bilərəm. Biz bu yay gərəkli mövqelərə dəqiq transferlər eləməyə çalışdıq. Heyətimizə cəlb etdiyimiz həm yerli, həm də əcnəbi futbolçular izlədiyimiz və tanıdığımız oyunçulardır. Onlardan razıyam. Daha bir legioner transferi planlaşdırılır. Bugünlərdə bəlli olacaq. Qarşımıza maksimum məqsədlər qoyuruq. İndiki halda, əsas hədəfimiz avrokuboklara vəsiqə qazanan yerlərdən birinə sahib çıxmaqdır. Qızıl medala ən yaxın komandanın hansı olduğunu mövsümün gedişi göstərəcək”.
Samir Əliyev (Səbail): “Ölkə çempionatına hazırlıqdan razı qaldım. Uşaqlar canla-başla təlim-məşq toplanışında iştirak etdi. Hər hansı problemlə üzləşmədik. Bir-iki mövqe var ki, onların gücləndirilməsinə ehtiyac var. Bunun üzərində iş gedir. Etdiyimiz transferlər böyük hədəflər üçün olmasa da, Premyer Liqada qalmaq üçün yetərli səviyyədədir. Məqsəd pillə-pillə irəliləməkdir. Əsas odur ki, komandanı formalaşdıra bilək”.
Mərdan Həsənov / Newsport.az
saytlarin hazirlanmasi