"Kopenhagen"in baş məşqçisi: "Bütün turnirlərdə mübarizəni davam etdirmək istəyirik"

17:44 - 13 Avqust 2017

“Düşünürəm ki, rəqib vurduğu qol zamanı oyundankənar vəziyyət var idi”.

 

Sportal.az xəbər verir bu sözləri Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Steyl Solbakken deyib. "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi ölkə çempionatının V turunda öz meydanında “Horsens” klubu ilə heç-heçə edib – 1:1.

 

Oyundan sonra ölkə mətbuatına açıqlama verən 49 yaşlı mütəxəssis fikirlərini bildirib: “Hesab fərqli də ola bilərdi. Həm qələbə qazana, həm də məğlub ola bilərdik”.

 

Çalışdırıcı komandasının qazandığı nəticələrin ürəkaçan olmadığını deyib: “5 oyuna 6 xal qazanmaq son çempion üçün yaxşı nəticə ola bilməz. Oyundan-oyuna güclənəcəyik, komandamız daha yaxşı inkişaf edəcək. İndi çətin vəziyyətdəyik. Amma mübarizə aparmaqla özümüzə gələ bilərik”.

 

Mütəxəssis həm ölkə çempionatında, həm də Çempionlar Liqasında mübarizə aparmağın çətin olduğunu vurğulayıb: “Biz bir neçə cəbhədə mübarizə aparırıq. Buna görə də, müəyyən çətinliklərimiz və komandada yorğunluq ola bilər. Amma bütün turnirlərdə mübarizəni davam etdirmək istəyirik. “Kopenhagen” bütün oyunlara ancaq qələbə qazanmaq üçün çıxır”.  

Xəbər xətti