UEFA Çempionlar Liqasının pley-off mərhələsinin baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərib.
Sportal.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalsa da, “Qarabağ”ın “Kopenhagen” üzərindəki qələbəsindən (1:0) sonra aktivinə daha 0.250 xal əlavə edib.
Azərbaycan hazırda 17.625 xalla əvvəlki kimi 22-ci pillədə qərarlaşıb. Əvəzində bizdən 1 pillə öndə olan Kipr 20-ci yerə qalxaraq Rumıniyanı üstələyib. Hazırda rumınların aktivində 18.650 xal var. Adıçəkilən ölkənin hazırda avrokuboklarda 2 təmsilçisi mübarizəni davam etdirdiyindən onları sıxışdırmaq çətin olacaq. Cədvəldə bizi izləyən və avrokuboklarda cəmi 1 təmsilçisi olan Belarusun isə əmsalı 17.250-ə bərabərdi. Onları isə eyni xala malik olduqları İsveç və 17.000 xalla Bolqarıstan izləyir.
Qeyd edək ki, cari mövsüm qazanılan 2.875 xalın 1.125-ini “Qarabağ”, 0.750-ni “İnter”, 0.625-ni “Zirə” və 0.375-ni isə “Qəbələ” qazanıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
saytlarin hazirlanmasi