"Kopenhagen"in baş məşqçisi: "İstədiyimiz nəticəyə nail ola bilərik"

00:43 - 23 Avqust 2017

"Komandamızın avrokuboklarda kifayət qədər təcrübəsi var. Bu isə o deməkdi ki, meydanda var gücümüzü ortaya qoya və istədiyimiz nəticəyə nail ola bilərik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Steyl Solbakken deyib. Danimarka təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ı qəbul edəcək. Matçdan öncə mətbuat konfransı keçirən Solbakken maraqlı fikirlər səsləndirib. O, ilk görüşdə 1:0 hesablı qələbə qazanmış "Qarabağ"ı tərifləyib:

 

"Gücümüzün olduğunu, geridönüş etməyi bacardığımızı "Vardar"la cavab matçında da sübut etdik. "Vardar" da yaxşı komanda idi. Amma "Qarabağ"ın uzun müddətdi bir yerdə oynayan futbolçuları var. Bu komandada milli üzvləri çoxdu və onlar özlərini yaxşı tərəfdən göstərirlər. Hər xırdalığa fikir vermək lazımdı".

 

Solbakken Avropa Liqasının qrup mərhələsi haqda düşünmədiklərini, komandasının yalnız mərhələ keçməyə kökləndiyini bildirib:

 

"Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şey edəcəyik. Ancaq bunu düşünürük. İlk qolu biz vursaq, vəziyyət dəyişəcək. Çempionlar Liqasında  son 6 həftədə oyun keyfiyyətimizi 30 faiz artırmışıq. Komandamız get-gedə inkişaf edir. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq".

Xəbər xətti