“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində”. Bu cümləni yazmaq nə qədər vaxtınızı ala bilər? Klaviaturada hələ də hərf axtaran şəxs bunu, yəqin ki, ən gec 1, 2 dəqiqəyə yazar.
Amma bu cümləni yazmaq üçün, bu cümlə ilə qürur hissi keçirmək üçün çox böyük illər sərf olunub. O illərə nələr sığmır?
Əziyyət, alın təri, zəhmət, yuxusuz gecələr, diri gözlə açılan səhərlər, yayın gün çartladan istisinə dözmək, qışın yer-göy ağladan soyuğuna sinə gərmək və daha nələr nələr...
Bəli, hər səbrin, hər çəkilən əziyyətin, hər ümidlə olan gözləntinin bir mükafatı mütləq vardır. Biz bu səbrin mükafatını aldıq. Böyük qürur, böyük həyəcan, böyük fəxr, böyük şərəf hissi ilə yaza bilərik: “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində. Bunu hayqırtı ilə bütün dünyaya dedik. Biz klub olaraq, kütlə olaraq, xalq olaraq bunu bacardıq!
Dünənki ajiotajı bir daha gözünüzün önünə gətirin. Hər gözləntinin içində bir ümid, inam var. Biz cəngavərlərimizi Kopenhagenə yola salıb, gün boyu, oyun boyu onlarla olduq. Bütün şəhərin dünən bir şuarı vardı: “Qarabağ”. İnandıq, ümid etdik, bacardıq...
Oyun bitdikdən sonra şəhərin bütün mərkəzi küçələri sevinc içində idi. İnsanlar bu sevinc üçün çox ac idilər. Tanıyan, tanımayan qucaqlaşır, qələbə sevincini bölüşürdü. O insanları bəlkə də biz hər gün iş yerində, marketdə, 28 malın piyada keçidini keçərkən yaranan döyüş səhnələrini xatırladan rastlaşma mərasimində görürük.
Amma o insanları dünən görmək, onların sifətindəki cizgiləri oxumaq bir başqa idi. Dünən bəlkə də hər kəs banka olan borcunu, problemlərini, benzinin qalxmasını unutmuşdu, hər kəs “Qarabağ”a olan təşəkkür borcunu ödəmək üçün üçrəngli bayrağa sarılıb vətən göylərinə hayqırıdı: Səsini bütün Avropaya, dünyaya yayırdı. Haqq səsini, “Qarabağ” bizimdi, bizim olacaq” səsini...
Bəli, bir azarkeş, bir vətəndaş olaraq bu möhtəşəm hissləri yaşamaq bizə nəsib oldu. Dünənki sevinc bir başqa möhtəşəm idi. Bəlkə də həyatımız boyu unudulmayacaq qədər höhtəşəm. Çünki dünən biz tarix yazdıq, tarixi tarixçilər yazdılar. Təşəkkürlər, “Qarabağ”.
Elgiz Abbasov
saytlarin hazirlanmasi