Çempionlar Liqası və “Qarabağ”. O “Qarabağ” ki, üzərinə köçkün komanda damğası vurulub. Nə qədər uğur qazansa da, yenə də valideynini itirmiş boynu bükük uşaq kimidir. Ağdamdan didərgin düşüb Bakıya sığınmaqla, buradakı azarkeşlərlə o “yetimliyi”ni unutmağa çalışandır “Qarabağ”. “Qarabağ” var, Qarabağ isə yoxdur. «Var»dan yazmağa nə var ki? Bu dəfə «yox»dan yazacağıq. Olmayan rayonun olmayan futbolundan. Daha dəqiq ermənilər tərəfindən işğal olunmuş Qubadlıdan və özümüzün yiyə durmadığı futbolundan. Avqustun 31-i Qubadlının işğal günüdür...
24 il əvvəl itirdiyimiz Qubadlının futbolu haqqında nə bilirik, hansı futbolçularını tanıyırıq? Bu gün Qubadlı futbolu hansı vəziyyətdədir? Umümiyyətlə, Qubadlı futbolu deyilən bir anlam mövcuddurmu? Gəncə, Lənkəran, Tovuz, Zaqatala və digər şəhər və rayonlar kimi olmasa da, Qubadlının da özünə görə futbolu olub. İndi də var. Hansı səviyyədə? Bu gün Qubadlını təmsil edən klub mövcüddür – “Həkəri”. O “Həkəri” ki Qubadlıya oxşayır. Yəni, yox kimidir. Yəni, adı var...
Sönməkdə olan işartı
«Həkəri» Futbol Klubu 2000-ci ildə təsis olunub, 2 il sonra isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Klubun yaradıcısı əslən Qubadlıdan olan, Qarabağ müharibəsi veteranı Cavanşir Əliyevdir. İlk günlərdən klubda əsasən 1989-90-cu il təvəllüdlü uşaqlar toplanıb, Gənclər və İdman Nazirliyinin keçirdiyi zona yarışlarında 1-ci, Şəki şəhərində keçirilən respublika birinciliyində isə 3-cü yeri tutub. 2002-ci ildə isə komanda Həvəskarlar Liqasında çıxışa başlayıb. Doğrudur, 2000-ci ildə də bu liqada «Həkəri» adında komanda oynayıb və Sabir Əliyevin rəhbərliyi altında Həvəskarlar Liqasında yarışıb. Amma o «Həkəri» haqqında bəhs etdiyimiz «Həkəri» deyil. Əvvəlki «Həkəri» Qubadlının mərhum icra başçısı Əvəz Hüseynquliyevin təşəbbüsü ilə yaradılmış və icra hakimiyyətinin himayəsində olmuşdu. İndiki «Həkəri»si isə… Komanda 2009-cu ilə kimi həvəskar komanda kimi Azərbaycan birinciliyində çıxış edib. Nəticələri pis olmayıb. 2003/04-cü illər mövsümündə respublikanın ən güclü həvəskar komandası adını qazanan komanda o vaxt futbolumuzdakı problemlər üzündən təəssüf ki, UEFA Regionlar Kubokunda (Həvəskarlar Kuboku) iştirak edə bilməyib. 2005/06-cı illər mövsümündə isə 2-ci yeri tutan «Həkəri» bir daha 2008/09-cu illər mövsümündə medalçılar sırasına düşüb. 3-cü yeri tutan komanda maddi çətinliklərdən yana fəaliyyətini dayandırıb. 2 il sonra yenidən «dirilən» komanda bu dəfə peşəkar statusu ilə I Divizionda mübarizəyə qoşulub. Nə yazıq ki, çempionatı yarımçıq dayandırıb. Çünki kimsə bu komandaya yiyə durmayıb. «Həkəri» 1-ci dəstədə cəmi 7 oyunda «görünüb»:
12.09.2011 «Həkəri» - Göyəzən (Qazax) 0:0
18.09.2011 MOİK (Bakı) – «Həkəri» 1:1
25.09.2011 «Həkəri» - «Muğan» (Salyan) 0:2
08.10.2011 «Həkəri» - «Şahdağ» (Qusar) 1:0
03.10.2011 «Tərəqqi» (Gəncə) – «Həkəri» 1:2
15.10.2011 «Lokomotiv» (Biləcəri) – «Həkəri» 4:1
30.10.2011 «Şuşa» - Həkəri 1:0.
2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, 8 xal. Top fərqi – 5:10. Vəssəlam. Müstəqillik qazandıqdan sonra Qubadlının futbol adına statistik göstəricisi bundan ibarətdir.
Bəs, SSRİ dövründə?
1933-cü ildə yaradılan Qubadlı (1963-64-cü illərdə Zəngilən rayonuna birləşdirilib – İ.T.) daha çox güləşi ilə məşhur olub. Ən tanınmış güləşçilərdən dəfələrlə SSRİ və Azərbaycan çempionu olmuş Bahadur Həziyev, Əliyar Əliyevin adını çəkə bilərik. Hazırda Rusiyada yaşayan dünya çempionu, bu ölkənin güləş yığmasının heyətində Afina olimpiadasında gümüş medal qazanmış Heydər Məmmədəliyev də qubadlılıdır. Futbola gəlincə, rayonda idmanın bu növü o qədər də inkişaf etməyib. Doğrudur, imperiya dövründə Qubadlıda bir çox komandalar varmış, lakin onların daha çox həvəskar komanda kimi fəaliyyət göstərirmişlər. Uşaq komandaları respublika əhəmiyyətli turnirlərdə, o cümlədən «Sevinc Kuboku»nda iştirak edirmişlər. Böyüklərsə, əsasən Zəngilan, Füzuli, Cəbrayıl komandalarının qatıldığı turnirlərə qatılırmışlar. Qubadlı təmsilçiləri ev oyunlarını şəhər stadionunda keçirirmişlər. Stadionun tribunasının olmamasına baxmayaraq, oyunları yüzlərlə azarkeş izləyirmiş. Meydanın təbii örtüyünə söz ola bilməzmiş.
Belə turnirlərdən başqa Qubadlının öz daxili çempionatı da varmış. Buna yerli camaat «kəndlərarası çempionat» deyirmiş. 80-ci illərdə rəhmətlik Əliyar Əliyevin (Əliyar Əliyev milli qəhrəmandır, 1992-ci il oktyabrın 3-də Laçında qəhrəmancasına həlak olub – İ.T.) «Məhsul» İdman Cəmiyyətinin nəzdində yaratdığı «Bərgüşad» rayonun ən güclü komandalarından idi. Muradxanlı, Xanlıq, Dəmirçilər kəndlərinin komandaları da bölgədə ad-san çıxarıbmışlar. «Qubadlı çempionatı»nda çox vaxt bu komandalar medallar uğrunda mübarizə aparırmışlar. Yəni, futbol rayonu olmamasına rəğmən Qubadlıda futbol çox sevilib. Bəlkə də güləş qədər. Rayon işğal olunana kimi, Qubadlıda özünə görə futbol olub. Hətta müharibə getdiyi dövrdə belə yarışlara ara verilməyib. İşğaldan sonra isə…
“Suyu qurumuş” “Həkəri”
Bayaq «Həkəri»nin 2012-ci ildə fəaliyyətini dayandırdığını yazdıq. Cavanşir müəllim həmin vaxt rayonun imkanlı şəxslərinə, İcra Hakimiyyətinə komandanın saxlanması üçün dəfələrlə ağız açsa da, kimsə yardım əlini uzatmayıb: «Çox şey istəmirdik ki. Komandanın forma ilə təmin olunması, səfər oyunlarına getmək, stadionun icarə haqqını ödəmək üçün müəyyən vəsait lazım idi. Özümdə bu imkan olmadığından məcbur olub əslən qubadlıdan olan iş adamlarından yardım istədim. Heç kim yaxın durmadı. Rəngli formalarda oyuna çıxmaqdansa, əzab-əziyyətlə səfər oyunlarına getməkdənsə, çempionatda çıxışımızı dayandırmağı lazım bildim. 7 turdan sonra 15 komanda arasında 5-ci yerdə gedirdik. Kömək olsaydı, daha yuxarı yerlərə qalxa bilərdik…»
Tanıtma: Cavanşir Əliyev 1974-cü ildə iyunun 18-də Qubadlının Sarıyataq kəndində fəhlə ailəsində dünyaya gəlib. 1986-91-ci illər aralığında Qubadlıda Əliyar Əliyevin rəhbərliyi altında futbolla məşğul olub. 1991-ci ildə, 17 yaşı olmasına baxmayaraq, könüllü olaraq cəbhəyə gedib, 1996-cı ilə kimi Qubadlı batalyonunda (sonradan Qubadlı briqadası – İ.T.) tərkibində Qarabağ döyüşlərində iştirak edib. Ordudan təxris olunduqdan sonra Sabir Əliyevin rəhbərlik etdiyi həvəskar «Həkəri» komandasında bir müddət futbol oynayıb. Lakin müharibədə ayağından aldığı güllə yarası futbolçu karyerasını davam etdirməyə imkan verməyib. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub, oranı fərqlənmə ilə bitirib. 2001-ci ildə «Həkəri» Futbol Klubunu təsis edib. Klub 1 il sonra Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. 2-ci qrup əlil olan Cavanşir Əliyev hazırda «Həkəri»nin həm də yeganə baş məşqçisidir.
«2 ildən çoxdur ki, nəyinsə təzəsinə möhtacıq»
Komanda dağılsada, Cavanşir müəllim bu günə kimi əzab-əziyyətlə klubu saxlaya bilib. Hazırda «Həkəri»də 3 müxtəlif yaş qrupu üzrə komanda var. 2013-cü ildən AGİN və AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Bu il U-11 və U-13 komandaları Şimal regionu üzrə (Sumqayıt) yarışlarda qüvvəsini sınayacaq. Lap balacalar isə Bakı şəhərində keçiriləcək birinciliklərdə. O ki qaldı 14-15 yaşlı uşaqlara, onlar digər klublara icarəyə verilib ki, itib-batmasınlar. Heç olmasa uşaq komandalarında vəziyyət normaldırmı? Söhbət əsnasında məlum oldu ki, hazırda klubda 15 yaşına kimi 60-a yaxın uşaq var. Onların təxminən yarısı əslən qubadlıdandılar. Qruplar həftədə 3 dəfə olmaqla Sumqayıt İdman Olimpiya Kompleksinin stadionunda məşq keçirlər, 1 dəfə yoldaşlıq oyununda güclərini sınayırlar. İldə 2 dəfə Sumqayıt şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində tibbi baxışdan keçən uşaqlar top və forma sarıdan korluq çəkirlər. Cavanşir müəllim vəziyyətlərinin çətinliyindən gileyləndi: «Əslində, pullu klub deyilik. Amma müəyyən məsrəfləri qarşılamaq lazım olduğundan məcbur olub fond yaratmışıq. Hər uşağın valideyni imkan daxilində həmin fonda aylıq pul keçirir. 5 manat verəni də var, 10 manat verəni də, heç verməyəni də. Kimisə məcbur edə bilmərik ki, bizə pul ödəsin. Kompleksin stadionundan istifadəyə görə ödəniş edirik. Fonda yığılan pul stadionun icarə haqqına ancaq çatır. Forma və inventar sarıdan da çətinliyimiz həll olunmamış qalır».
Cavanşir müəllim söhbət əsnasında 2 ildir ki, uşaqların təzə forma üzü görmədiyini söylədi. Əvvəllər AFFA uşaqları forma və topla təmin edirdi. 2-3 ildir ki, bu yardım dayandırılıb. Yeri gəlmişkən, AFFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Yusif Vəliyevdən federasiya tərəfindən edilən yardımın dayandırılmasının səbəbini soruşduq. O, 2-3 il əvvələ kimi təkcə «Həkəri»ni yox, yeni yaradılmış başqa uşaq komandalarını da top və forma ilə təmin etdiklərini bildirməklə yanaşı hazırda liqalarda komandaların sayının çoxaldığını əsas gətirərək bu yardımın dayandırıldığını söylədi: «AFFA-nın təşkil etdiyi yarışlarda 500-dən çox komanda iştirak edir. Onların hər birini top və forma ilə təmin etmək o qədər də asan iş deyil. Doğrudur, 2-3 il əvvələ kimi yeni yaranmış komandalara forma və top verirdik. «Həkəri» bizdən bir neçə dəfə belə yardım alıb. O vaxt komandaların sayı az idi, daha çox ehtiyacı olanlara kömək edirdik. İndi isə futbol kütləviləşib, komandaların sayı xeyli artıb. Təəssüf ki, bu il «Həkəri»yə forma və top vermək planımızda yoxdur».
Şəxsi əlaqələri hesabına oradan-buradan köhnə formalar, işlənmiş inventar tapıb məşqləri birtəhər yola verən Cavanşir müəllim «Həkəri»də istedadlı uşaqların az olmadığını da dedi: «Başqa klubların akademiyaları onları istəyəndə əvəzində xahiş edirəm ki, bizə top və başqa idman ləvazimatları versinlər. 2 ildən çoxdur ki, nəyinsə təzəsinə möhtacıq. İşlənmiş toplar, çırıq «nakitka»lar, alabəzək formalar… Nə qədər belə davam edəcək, Allah bilir. Hamı futbolun inkişafından danışır. Məgər inkişaf belə olur?».
«Həkəri»nin «şinel»indən hansı tanınmış futbolçular çıxıb?
Cavanşir müəllim düşünmədən ilk olaraq qapıçı Ruslan Poladovun adını çəkdi. Ruslan əslən qubadlıdan olmasa da, futbola «Həkəri»də başlayıb. Hazırda «Sumqayıt»ın şərəfini qoruyan əslən cəbrayıllı Bəxtiyar Həsənalızadə isə düz 5 il «Həkəri»nin formasını geyinib. «Həkəri»nin futbolumuza verdiyi tövhələr… Çox da deyil, yox da deyil. Yeri gəlmişkən, Premyer Liqanın «dadı»nı görmüş Tərzin Cahangirov, Murad Ağakişiyev, Bəhruz Zeynalov, Ramin Quliyev, Təmkin Xəlilzadə əslən qubadlıdandır.
«Həkəri»nin acınacaqlı vəziyyətinə rəğmən Cavanşir müəllim həvəsdən düşmədiyini deyir. Qubadlının işğal olunması ilə müqayisədə bu cür əziyyəti toy-bayram hesab edən həmsöhbətimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və «Həkəri»nin Qubadlıda fəaliyyətini davam etdirməsidir: «Qubadlını tərk etdiyimiz gün heç vaxt yadımdan çıxmaz. 24 ildir ki, doğma yurd-yuvamızdan didərgin düşmüşük. Hərəmiz bir yerdə məskunlaşmışıq. Qubadlıya qayıtmaqdan başqa ən böyük arzum nə ola bilər ki? İnanıram ki, tezliklə torpaqlarımıza dönəcəyik və özümlə «Həkəri»ni də Qubadlıya apara biləcəm. Bir də bu komandanın nə vaxtsa Premyer Liqada çıxış etməyini çox istəyirəm».
Qubadlı UGİM-nin futbol bölməsi yoxdur!
U-13 komandasının məşqini izləyərkən bir neçə istedadlı uşaq diqqətimizi cəlb etdi. Onlardan ikisi – əslən qubadlıdan olan Murad Əliyev və Əmin Ağakişiyevlə xeyli söhbət etdik. Uşaqların ən böyük arzuları «Qarabağ»da oynamaqdır. Komandanın son uğurlarına deyil, adına görə. Qubadlını meşəli, dağlı, çaylı bir yer kimi təsəvvür edən bu uşaqlara verdiyim «Əgər siz böyüyənə kimi müharibə davam etsə, nəyi seçərsiniz – futbolu ya döyüşü» sualına uşaqların cavabları eyni oldu: «Atamız kimi döyüşməyi».
Allah sizə müharibə göstərməsin, bala! Siz böyüyənə kimi müharibə də qurtarar, Qubadlı da daxil olmaqla bütün torpaqlarımız azad olar. Sizə isə futbol oynamaq qalar.
Qubadlının işğalından sonra rayon əhalisinin bir hissəsi respublikanın müxtəlif rayon və şəhərlərində məskunlaşıb. Əksəriyyət isə Sumqayıtı özünə məskən seçib. Qubadlı icra hakimiyyəti, polis şöbəsi və digər qurumlar məhz Sumqayıtdadır. Qubadlı UGİM də həmçinin. Bahadur Həziyevin adını daşıyan məktəbdə olub futbol bölməsi ilə maraqlanmaq istəyirdik. Lakin 2 məqam buna mane oldu. Birincisi, öyrəndik ki, UGİM-də cəmi 2 bölmə bar – voleybol və güləş. Yəni, futbol bölməsi ümumiyyətlə, yoxdur. İkincisi isə, bir müddət əvvəl UGİM-in direktoru işdən azad olunub və onun yerinə yenisi təyin edilməyib. Ümid edək ki, təyinat tezliklə gerçəkləşər və yeni direktor məktəbin nəzdində futbol bölməsinin yaranmasına həvəsli olar.
Bəli, bu gün Qubadlının iki çayından biri olan Həkəridən adını götürən eyniadlı klubun məcburi köçkün həyatından, problemlərindən, adı olsa da, özü yox kimi olan futbolundan söz açmağa çalışdıq. Nə dərəcədə nail olduq, bunu deyə bilmərik. Əvvəldə dediyimiz kimi, “yox”dan danışmaq çətindir. İnanaq ki, “Həkəri” komandası da elə o çay kimi bizdən xəbərsiz “axıb”, getməz...
İlqar TAĞIYEV / “Het-trik news”
saytlarin hazirlanmasi