Tərlan Əhmədov: "Mövsümün əvvəlində komandada olsaydım, fərqli komanda görərdiz" MÜSAHİBƏ

21:36 - 16 Sentyabr 2017

“Komandamın oyunundan çox razı qaldım. Bacardığımız qədər hücum futbolu oynamağa çalışdıq. Bu 5 gündə ərzində gördüyümüz işlərin nəticəsini gördük. Uşaqların oyunu məni çox sevindirdi. Lakin görüləsi iş həddən artıq çoxdu. Komandada kollektiv oyun məni sevindirdi. Qarşıda bizi ağır oyunlar gözləyir. Bu oyundakı səhvləri minimuma endirmək istəyirik”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. Azərbaycan Premyer Liqasının V turunda evdə “Zirə” ilə qarşılaşan “ağ-qaralar”ın çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
 
- İnqilab Məmmədovla nə barədə danışırdız?
- İnqilaba dedim ki, Əliyara de, meydanda mübarizəyə imkan versin. Qırmızı vərəqəyə etirazım yoxdu. Mən futbolçularıma qarşı həmişə tələbkar olmuşam. Oyunçularıma deyirəm ki, son ümid folu kimi qırmızı almaq olar. O ki qaldı Mirabdulla Abbasovun qırmızı vərəqə almasına, belə vəziyyətdə komandanı darda qoymaq olmaz. Onunla bu barədə danışacam. Cavan futbolçudu. Yəqin, gələcəkdə belə səhvlər olmaz.
 
- Ramin Musayev sizi millinin oyunlarından öncə məsləhət bilsəydi, nəticələr fərqli ola bilərdi?
- Bura gəlməyimdə insanların çoxunun, həmçinin Ramin müəllimin də fikrini öyrəndilər. Mövsümün əvvəlində komandada olsaydım, fərqli komanda görərdiz. Bu gün mənim futbolçum hələ ki, təkcə Rəşad Sadiqovdu. Heyətlə bağlı problemlərimiz çoxdu. “Neftçi”nin bir çox istedadlı futbolçu tərk edib. O ki qaldı məni bura kimin gətirməsinə, məni klub rəhbərliyi təyin edib. Lakin bundan öncə bir çox insanın fikirləri öyrənilib.
 
- Komanda ikinci hissədə yaxşı təsir bağışladı...
- Birdən-birə hər şeyi dəyişmək mümkün deyil. Bu oyunda çalışırdıq ki, rəqibi təzyiq altında saxlayaq. Hər halda, bu komanda gələcək üçün ümid verir.
 
- Komandaya fiziki hazırlıq üzrə məşqçi nə vaxt dəvət ediləcək?
- Bununla bağlı danışıqlar gedir. Bir neçə məşqçiylə danışıqlar aparırıq. Bu məşqçilərdən ikisinin təcrübəsi çoxdu. Lakin onların əmək haqqı yüksəkdi.
 
- Oyundan sonra azarkeşlərə yaxınlaşdız. Onlara nə dediz?
- Azarkeşlərlə münasibətimiz nə qədər yaxşı olsa, bir o qədər rahat olar. Onlarla görüşümüz planlaşdırılır.
 
- Siz “Neftçi”yə baş məşqçi təyin olunduğunuz gün Ruslan Qurbanov sosial şəbəkədə klubun formasında şəklini paylaşdı. Onu gələcəkdə komandada görmək olar? Qışda yeni transferlər olacaq?
- Məncə, qışa kimi xal ehtiyatımızı artırmalıyıq ki, sonradan bu barədə danışa bilək. Qışda bir çox oyunçunun klublarıyla müqavilə müddəti bitəcək. Bu da, heyəti gücləndirməyimizə kömək ola bilər. Bizdə oyunçu cəhətdən qıtlıqdı. Ən əsası, komandaya yeni qapıçı lazımdı. Mənim qarşıma məqsəd qoyulmayıb. Əsas məqsədim komandanı dirçəltməkdi. Klub rəhbərliyindən heç kim mənim işimə qarışmır. Əvvəldən bu komandada olsaydım, Cavid İmamverdiyev, Araz Abdullayev kimi oyunçular komandanı tərk etməzdi.
 
- Qarşıda “Qəbələ” ilə oyun var. Həmin matçda hansı dəyişikliklər gözlənilir?
- Bayaq da dediyim kimi, komandada oyunçu qıtlığı var. Elnur Cəfərov, Səlahət Ağayev, Mirabdulla Abbasovun xidmətindən məhrumuq. Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışacağıq. Qarşıda “Qəbələ” və “İnter”lə səfər oyunlarımız var. Bu görüşlərdən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq. Bundan sonra 16 günlük fasilə yaranır. Həmin fasilədən də maksimum yararlanmalıyıq. (apasport.az)

Xəbər xətti