Ayxan Abbasov: "Ciddi bir şeydisə, onlara xəbərdarlıq edərəm" MÜSAHİBƏ

21:50 - 16 Sentyabr 2017

“Oyunun ağır olacağını bilirdik. Rəqibdə baş məşqçi dəyişikliyinin olması onların çıxışına da təsir etmişdi. Komanda taktiki baxımdan yaxşı oynadı. Çempionatın əvvəlində, avrokuboklarda etdiyimiz səhvləri get-gedə azaldırıq. Ancaq görüləcək işlər çoxdu. 3 xal bizim üçün çox lazımlı idi. Tərlan Əhmədova gələcək oyunlarda uğurlar arzulayıram”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri Ayxan Abbasov deyib. Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Neftçi” ilə qarşılaşan “Zirə”nin baş məşqçisi oyundan sonra təşkil olunan mətbuat konfransında matçı dəyərləndirib.
 
- Tərlan Əhmədovla oyundan öncə görüşüb, yeni iş yeriylə bağlı təbrik etdiz. Bəs Rəşad Sadiqovla necə?
- Rəşad Sadiqov söhbəti bizim üçün bağlanıb. Onunla klubdan ayrılanda görüşüb danışmışdıq. Bu məsələ artıq bizim üçün bitib.
 
- Komanda hər qola xüsusi tərzdə, daha çılğın formada sevinir. Bunun xüsusi səbəbi var?
- Necə yəni, sevinməyək? (gülür). Bunun xüsusi bir səbəbi yoxdu. Komanda qol vurubsa, futbolçular sevinməlidi. “Çelsi” “Qarabağ”la oyunda 4-cü qolu vurduqdan sonra da bunu xüsusi qeyd etdi.
 
- “Neftçi” bu gün sizi nə iləsə təəccübləndirdi?
- “Neftçi”də görüləcək işlər çoxdu. Başqa komanda barədə danışmaq istəməzdim. Bu komanda bizim əsas rəqiblərimizdəndi. Onlara qarşı oyunumuz çox çətin alındı. Etiraf edim ki, matç heç-heçə də bitə bilərdi.
 
- Oyundan sonra paltardəyişmə otağında böyük hay-küy var idi. Bu oyun üçün mükafat açıqlamışdız?
- Xeyr. Biz oyundan dərhal sonra mükafat açıqlamırıq. Sadəcə, futbolçulara yaxşı oyun üçün təşəkkür etdim.

 

- Oyun zamanı Qadze ilə Matey arasında fikir ayrılığı yaşanırdı...
- Həmin epizodu görməmişəm. Lakin hər ikisi intizamlı futbolçudu. Baxarıq, ciddi bir şeydisə, onlara xəbərdarlıq edərəm.
 
- Komandanın üzvləri qəsdən yerdə qalıb, vaxt öldürürdü. Bu təcrübəni “Astra” ilə oyunda qazanmışdız?
- Mən oyunda elə epizod görmədim. Bəlkə biz ayrı oyunlara baxmışıq? (apasport.az)

Xəbər xətti